Şabran seçiciləri rifah və inkişafa səs verəcəklər

18 Dekabr 2014 17:28 (UTC+04:00)

Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatında da bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş namizədlərlə görüş davam edir. Dünən baş tutan tədbirdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov rayon bələdiyyə seçkilərində görülən işlər barədə məlumat verib: "Yeni Azərbaycan Partiyası hər seçkilərdə olduğu kimi bu seçkidə də xalqına arxalanaraq böyük qələbə qazanacaq".

M.Balabəyov onu da söyləyib ki, son 11 ildə Azərbaycan iqtisadi cəhətdən böyük inkişaf yolu keçərək bu gün dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır: "Əlbəttə ki, bu inkişafın memarı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Onun layiqli davamçısı Prezident İlham Əliyevdir. Bu gün Prezidentimizin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti də məhz dövlətimizin daha da inkişafına, xalqımızın daha yaxşı yaşamasına yönəlib. İnanırıq ki, bu bələdiyyə seçkilərində də şabranlılar seçiciləri YAP-ın namizədlərinə səs verməklə, ölkəmizin rifah və inkişafına növbəti töhfəsini verəcəklər".

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında tədbir iştirakçılarına bələdiyyələrin keçdiyi inkişaf yolundan, hüquqi bazanın yaranmasından geniş söhbət açıb. Vurğulayıb ki, 1999-cu ildə respublikamızda ilk dəfə olaraq bələdiyyə seçkiləri keçirildi. Ötən dövr ərzində bələdiyyələrin böyük təcrübə əldə etdiyini diqqətə çatdıran Vüqar Rəhimzadə əminliklə vurğulayıb ki, bu seçkilərdən sonra formalaşacaq bələdiyyələr daha effektiv və səmərəli fəaliyyəti ilə dövlətimizin inkişafı prosesində layiqli yer alacaq.

Görüşdə YAP Mərkəzi Aparıtın məsul işçisi Araz Xudadanov çıxış edərək Azərbaycanın demokratik inkişaf yolunda dinamik addımlarla irəlilədiyini bildirib və seçiciləri yalnız Yeni Azərbaycan Partiyasına güvəndiklərinə, alternativi olmayan YAP-a səs verəcəklərinə əminliyini ifadə edib.

R.KAMALQIZI