Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu daha bir peşəkar turizm bazarı iştirakçısını öz üzvlüyünə qəbul edib. SİA-nın verdiyi əlumata görə, büronun yeni üzvü olan "Qafqaz Baku City Hotel & Residence" ölkənin yerli brend zəncir mehmanxanalarından olaraq paytaxtımızda fəaliyyət göstərən ən yüksək otaq sayına malik yerli mehmanxanadır.
Ölkənin MİCE (biznes turizm) bazarının inkişafı və beynəlxalq arenada aparıcı turizm məkanı kimi tanınması üçün çalışan Azərbaycan Konqreslər Bürosu, "Qafqaz Baku City Hotel & Residence" mehmanxanasının öz sırasına qoşulmasını aparılan uğurlu fəaliyyətin nəticəsi kimi qiymətləndirir.
"Qafqaz Baku City Hotel & Residence" biznes və kommersiya məqsədilə Bakıya səfər edən qonaqlar üçün əlverişli yerdə yerləşir. Mehmanxana müştəri məmnuniyyətini ödəyən və beynəlxalq standartlara cavab verən 316 müasir otaq və 9 rezidensiyadan ibarətdir. Mehmanxanada həmçinin 120 nəfərin rahatlıqla iştirak edə biləcəyi ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş konfrans otaqları mövcuddur.
2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılmış, Azərbaycan Konqreslər Bürosu fəaliyyətə başladığı ilk günlərdən Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi və Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi tanınması üçün çalışır.
Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqını (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir. Belə bir ittifaq ölkənin MİCE bazarında işləyən təşkilat və müəssisələri, habelə mehmanxanaları bir araya gətirərək onların inkişafına və regional oyunçulara çevrilməsinə yardımçı olacaq.