Anar “Göz muncuğu”nu təqdim etdi FOTOLAR

17 Dekabr 2014 16:46 (UTC+04:00)

Bu gün Yazıçılar Birliyin "Natəvan" klubunda xalq yazıçısı Anarın "Göz muncuğu" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, mərasimdə xalq şairi Fikrət Qoca, AYB-nin katibi Rəşad Məcid, Yazıçılar Birliyinin sədr müşaviri, Mənzil Komitəsinin sədri Rauf Aslanov, millət vəkili Hüseynbala Mirələmov, yazıçı, şairlər, tələbələr, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbir imza mərasimi ilə başlayıb.

Tədbiri Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq sözügedən povestin insan xatirəsinin fərqli tərəflərini anlamağa, ən dərin qatlara enib gizlinləri görməyə kömək edəcəyini bildirib. Tədbiri keçirməkdə əsas məqsəd oxuculara müəllifin şəxsən özü tərəfindən imzalı kitabın təqdim edilməsi olduğunu söyləyib.

AYB-nin mətbuat katibi Xəyal Rza isə söz alaraq "Göz muncuğu" kitabı Yazıçılar Birliyinin "AYB Kitab" layihəsinin 4-cü işi olduğunu söyləyib.

AYB-nin sədri Anar Rzayev imza günündə jurnalistlərə açıqlamasında belə bir izdihamı hələ görmədiyini söyləyib: "Mən 27 ildir AYB-də çalışıram, amma burda indiyədək belə izdiham görməmişəm".

Daha sonra digər natiqlər də çıxış edərək Anar Rzayevin hər zaman uğurlu iş ərsəyə gətirdiyini diqqətə çatdırıblar.

Qeyd edək ki, "Göz muncuğu" kitabının redaktoru Pərvin Nurəliyevanın, kompüter tərtibçisi və dizaynı Ələsgər Hüseynoğluna, korrektoru Könül Əyyubqızına məxsusdur.