Ölüb getmək asantdı,
Hünərin var ölüb qal.
Ürəyin - qan çanağı
Olduğunu görüb qal.
Öz ömrünü yığışdır,
Lal dilini danışdır,
Getmək - səncə çıxışdır?
Gözlərini silib qal.
Ağrıya çap atını,
Öldür hər saatını,
Ölümlə həyatını
Dönə-dönə bölüb qal.
Əzabdan süzül birdən,
Ölüykən diril hərdən,
Əlin üzülən yerdən
Yıxılırsan, bilib qal.
Ölüb getmək asantdı,
Hünərin var ölüb qal.
Yoxluğa gedən yolda,
Allahına dönüb - qal.
Xanım İsmayılqız