Bu gün "Uşaqlara qarşı məişət zorakılığının profilaktikası və zərərçəkmişlərin tibbi-psixoloji, sosial və hüquqi reabiliyasiyası" mövzusunda II Milli Konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir "Ümidli gələcək" gənclər təşkilatı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili və Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının birgə təşkilatçılığı ilə təşkil olunub.
Konfransı açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqlara qarşı törədilən zorakılıq halları ilə mübarizə yolları və il ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında danışıb. O, bu kimi problemlərin aradan qaldırılmasında uşaq iştirakçılığının mühüm olduğunu vurğulayıb: "İl ərzində həyata keçirilən tədbirlər bir daha onu göstərdi ki, dövlət bu sahəyə xüsusi diqqət ayırır. Komitəmiz bu istiqamətdə bir sıra əhəmiyyətli layihələr həyata keçirdi. Uşaqların liderliyinin artırılması təlimləri təşkil olundu, erməni işğalı nəticəsində zərər çəkmiş uşaqlar haqqında kitab nəşir olundu, uşaq əməyinin istismarına qarşı tədbirlər planı hazırlandı, uşaq zorakılığı ilə mübarizə üçün regionları da əhatə edən monitorinqlər keçirildi. Bütün bunların həyata keçirlməsində UNİCEF, QHT-lər, Milli məclis öz dəstəyini göstərdi. Əsas məsələ də budur ki, bu problemlə birgə mübarizə apararaq müsbət nəticə etmək mümkündür. Davamlı olaraq bu işlər görülməlidir. Bu mövzuda peşəkar mütəxəssislərə də ehtiyac var. Ona görə də, ailə psixoloqunun yaranması, ölkənin hər bir bölgəsində maarifləndirmə işlərinin aparılması və bu layihələrdə uşaqların iştirakının təmin olunması ən vacib atılacaq addımlardandır".
Çıxış edən Millət vəkili Sevinc Fətəliyeva uşaqların təlim-tərbiyəsi zamanı diqqət ediləcək mövzulardan birinin də onların internetdən istifadəsinə nəzarət edilməsinin olduğunu qeyd edib: "Uşaqların sağlam mühitdə böyüməsi önəmlidir. Bu sahədə dövlət öz dəstəyini göstərir. Amma elə məsələlər var ki, bu ailədən asılıdır. Valideyinlər övladlarını daim nəzarətdə saxlamlıdırlar. Onların internetdən istifadəsi kontrol olunmalıdır. Fikrimcə, həmçinin, hər bir internet provayderi "valideyn kontrolu" adlanan paket təqdim etməlidir. İnternetdən istifadəyə qadağa qoymaq olmaz, amma ona nəzarət mükləqdir. Eyni zamanda, sosial sığınacaqların yaradılması da zəruridir. Ailə tərəfindən zorakılığa məruz qalan uşaqlar var ki, onlar bu hallarda müvəqqəti olaraq harada yerləşdiriləcəklərini bilmirlər. Bu məqsədlə sosial işçi institutu formalaşdırılmalı, araşdırmalar apardıqdan sonra dövlət tərəfindən sosial sığınacaqlar yaradılmalıdır".
Millət vəkili Sədaqət Vəliyeva zorakılığa qarşı mübarizədə valideynlərlə iş aparılmasının vacibliyindən danışıb: "Birinci növbədə profilaktika mütləq şəkildə aparılmalıdır. Bu işdə qadın məsləhətxanaları aktiv olmalıdırlar. Ana olmaq arzusunda olan xanımlarla söhbətlər aparılmalıdır. Həmçinin, ailə ilə təhsil müəssisələri birgə çalışmalıdırlar. Çünki uşaqlar ailədə və məktəbdə tərbiyə alıb gələcək üçün yetişdirilirlər. Uşaqların asudə vaxtının səmərəli keçirilməsi də diqqətdən kənarda qalmayan məqamlardandır".
Uşaq zorakılığı ilə mübarizədə regionlarda mühüm işlərin aparılmasına ehtiyac olduğunu qeyd edən "Ümidli gələcək" gənclər təşkilatının icraçı direktoru Kəmalə Aşumova Bakıda yaradılan reabilitasiya mərkəzlərinin regionlara daimi olaraq getməsinin çətin olduğunu deyib: "Bakıda reabilitasiya mərkəzi yaradılandan 300-ə yaxın uşaq və valideyinlə işlər aparılıb. Bu mərkəzlərin regionlarda da yaradılması mütləqdir. Zaman və məsafə baxımından, maddi baxımdan reabilitasiya mərkəzlərinin Bakıdan royonlara getməsindən bir qədər çətinliklər yaranır. Ona görə də hər bir rayonun özünün reabilitasiya mərkəzinin olması daha məqsədə uyğundur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin dəstəyi ilə Ucarda mərkəz yaradıldı və artıq 5 uşaq bu mərkəzə cəlb olunub. Bu layihənin davam etdirilməsinə ehtiyac var".
Konfransda digər dövlət qrumları və QHT rəhbərləri də mövzu ətrafında məruzələrlə çıxış ediblər. Tədbir təqdimatlarla davam etdirilib.



