"Bu gün biz forum çərçivəsində sizinlə görüşmüşdük. Polşa ilə Azərbaycanın bir çox sahələrdə əməkdaşlığı uğurla davam etdirilir. Günümüzdə əlaqələrin yüksək səviyyədə davam etdirilməsinin başlıca səbəbkarı ölkə prezidentidir". SİA-nın məlumatına görə, bu sözləri bu gün Energetika Nazirliyində Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində keçirilən toplantıda energetika naziri Natiq Əliyev deyib. O, Azərbaycanın enerji təhlükəsizliyi istiqamətində Avropa ilə sıx əməkdaşlıq etdiyini ifadə edib: "Qeyd etmək istəyirəm ki, Azərbaycan dünyada iqtisadi və siyasi cəhətdən sakit bir ölkədir. Biz Avropa ölkələri ilə həm siyasi, həm də iqtisadi sahədə uğurlu siyasət yürüdürük. Enerji təhlükəsizliyi məsələsində bizə böyük inam var. Enerjinin transportunda bizimlə regionda sıx əməkdaşlıq edən ölkələr var".
Azərbaycanla Polşa arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün belə toplantıların vacibliyini vurğulayan nazir, Polşa nümayəndə heyətinin ölkəyə səfərindən məmnunluğunu bildirib: "Bizim bu toplantılarımız onu deməyə əsas verir ki, bizim fikir paylaşmaqda heç bir problemimiz yoxdur. Elə buna görə də, gələn il Polşa və Azərbaycan arasında belə toplantıları tez –tez keçirməyi planlaşdırırıq. Sizi ölkəmizdə görməkdən və ikitərəfli əməkdaşlığı inkişaf etdirməkdə şadıq".
Natiq Əliyev Azərbaycanın stabil inkişafının əsasını Ümumilli lider Heydər Əliyevin qoyduğunu vurğulayaraq, regionun digər ölkələrində qeyri –sabit siyasi və iqtisadi vəziyyətin Azərbaycana ciddi təsir etmədiyini sözlərinə əlavə edib: "Azərbaycanın stabil siyasətinin əsasını bizim Ümumilli Liderimiz Heydər Əliyev qoyub. Bu gün onun stabil kursu cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Doing biznes" forumunda bizim nə qədər sabit inkişaf etdiyimiz bir daha göz önünə gətirildi. Şimaldan cənuba fikir verin, Rusiyadan İranı keçməklə cənuba doğru getdikcə qeyri –stabil bir siyasəti görürük. Qonşularımızın böyük ölkələr olmasına baxmayaraq, biz stabil inkişafı davam etdiririk. Bunu bu gün cənab prezidentimizhər dəfə çıxışı zamanı vurğulayır. Bu sadə bir vəziyyət deyil. Sizdən bizim qonşularımıza və bizim bu vəziyyətdə sabit inkişafımıza diqqət yetirməyinizi xahiş edirəm. Bu stabil inkişafımızı Polşa ilə birlikdə davam etdirmək istəyirik. Cənab prezidentimiz artıq qarşılıqlı investisiya yatırımlarının artırılması üçün bir sıra qərarlar qəbul edib".