Bu gün Ümummilli Lider Heydər Əliyevin vəfatından 11 il ötür. Bununla əlaqədar olaraq xalq artisti Nuriyyə Əhmədova Ulu Öndərlə olan xatirələrini SİA ilə bölüşüb: "Çox xoşbəxt aktrisayam ki, mən Ulu Öndər Heydər Əliyevlə ünsiyyətdə olmuşam. 2002-ci ildə şəxsən özü ilə əl-ələ görüşmüşəm. Həmin görüşdə Heydər Əliyevin əzmi qarşısında donub qalmışdım. İnanın bir kəlmə belə danışmadım. Dəqiqələrlə onun yanında olmağıma baxmayaraq, bir dəfə belə onun gözlərinə baxa bilmədim. Görüşümüzdən sonra, yəni həmin ilin dekabrın 25-də mənə əməkdar artist fəxri adını verdi. Bildiyiniz kimi, 26 dekabr da mənim doğum günümdür. Bu mükafatı Heydər Əliyev kimi şəxsiyyətdən almaq mənim üçün qürurdur. H.Əliyev mənim həyatım və yaradıcılığımda önəmli yerə sahibdir. Heydər Əliyev irsinin uğurlu davamçısı cənab prezident İlham Əliyev də mənə xüsusi diqqət və qayğı göstərir. Bu gün xalq artistiyəm və prezident təqaüdü alıram. Bu da təbii ki, dövlətimizin biz mədəniyyət xadimlərinə göstərdiyi diqqətdir".