Tanınmış prodüser-təşkilatçı Humay Muxtarovanın müəllifi və aparıcısı olduğu "MEQA 10" verilişinin növbəti buraxılışında qalmaqallı anlar yaşanıb. SİA-nın verdiyi xəbərə görə, Sumqayıtın "Dünya" Televiziyasında (DTV) yayımlanan "MEQA 10" verilişində H.Muxtarovanın qonaqları müğənnilər Rövşən Əziz, Həcər Əliyeva və rejissor Elnur Əliyev olub. Aparıcı qonaqlarla birgə "Yerli klip bazarının bugünkü vəziyyəti" mövzusunda müzakirələr aparıblar. Əvvəlcə verilişdə Həcər Əliyevanın yeni "Peşmanam" klipi geniş müzakirədən sonra nümayiş olunub.
Sonra rejissor Elnur Əliyev həmkarı Nail Naiboğlunu peşəkar rejissor kimi qəbul etmədiyini etiraf edib.
Daha sonra "Plaqiat" rubrikasında Sevil və Sevinc bacılarının "De, haradasan?" adlı mahnılarının plagiat olduğu məlum olub. Belə ki, mahnının musiqisinin əsl müəllifi və ifaçısı Mərakeşin populyar müğənnisi Cənnət Mahiddir. Bacıların "De, haradasan?" mahnısıyla C.Mahidin səsləndirdiyi "Esma kalami" mahnısı eynik təşkil edir. C.Mahid 2009-cu ildə mahnını, bacılar isə 2014-cü ildə ifa edib.
Nəzərinizə çatdıraq ki, "MEQA 10" verilişi hər həftənin bazar günü saat 22:00-dan, 23:00-dək Dünya TV-də yayımlanır.
"MEQA 10" verilişinin informasiya dəstəyi Səs İnformasiya Agentliyidir.