Elçin Məmmədli: “Səs baxımından mənimlə heç bir ifaçı yarışa bilməz” FOTOLAR-MÜSAHİBƏ

11 Dekabr 2014 14:47 (UTC+04:00)

Aktyor Elçin Məmmədlinin müsahibəsini SİA-ya oxucularına təqdim edirik:

-Efirlərdən kənarda qalmağınıza səbəb nədir?

- "Səndən sonra" serialı bitdikdən sonra fasilə verdim və yeni serialda çəkilmişəm. Tezliklə rejissor Samir Qulamovun lentə aldığı "Şərəf" adlı serial ilə tamaşaçıların qarşısına çıxacam.

-Bir çox hallarda rejissor Samir Qulamovla çalışırsınız. Buna səbəb nədir?

-Samir Qulamovla Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirməklə yanaşı birlikdə kino-akademiyasını da oxumuşuq. Eyni zamanda bir çox xarici ölkələrin teatr xadimlərindən dərs almışıq. Xasiyyət baxımından da bir-birimizə çox yaxınıq.

-Söz açdığınız serilda necə obraz canlandıracaqsınız?

- "Səndən sonra" serialından fərqli olaraq "Şərəf"də müsbət qəhrəman olacam.

-Hər zaman ciddi obrazları oynayırsınız. Nə vaxtsa yumoristik filmdə rol almaq istərdinizmi?

-Belə fikrim yoxdur. Çünki yumoristik janrı canlandıran kifayət qədər həmkarlarım var. Komediya janrı mənə yaxın deyil. Çünki aldığım təhsil və xarakter ciddiliyə daha yaxındır.

-Bildiyimizə görə ssenarilər yazırsız. Doğrudur?

-Qələmə aldığım ssenariləri ancaq özüm üçün oxuyuram. Çünki kiməsə göstərməyə ürək etmirəm və ssenarilərimə film çəkməyi düşünmürəm. Hesab edirəm ki, yetərincə ssenaristlər var.

-Son günlər aktyorlarımız ard-arda filmlər təqdim edirlər. Sizcə onlar belə etməklə türk filmləri ilə rəqabət aparmaq istəyirlər?

-Serilda rol almaq çətindir. Ancaq bədii filmdə oynamaq nisbətən asandır. Onu da deyim ki, bir müddət öncə aktyorlarımız ciddi janrda olan kinolarımızı cəmiyyətə təqdim edirdilər. İndi isə komediya janrında olan filmlərə üstünlük verirlər. Mən həmkarlarımı bu addımını dəstəkləyirəm. Çünki belə filmlər lentə almaqları təqdirə layiqdir.

-Türkiyəli aktyorlarla əlaqəniz olduğunuz halda niyə qardaş ölkənin hansısa filmində və serialında rol almırsınız?

-Türkiyənin öndə olan aktyorları Kənan İmirzalıoğlu, Murat Yıldırımla münasibətim var. Sadəcə olaraq Azərbaycan mənim üçün çox əzizdir. Onu da deyim ki, mən özümü qardaş ölkənin aktyorları ilə müqayisədə heç də zəif hesab etmirəm. Amma bəzi aktyor və aktrisalarımız sənət baxımından çox zəifdirlər.

-Bildiyimizə görə aktyorluq bacarığınla yanaşı səsinizdə var. Nə vaxtsa müğənni kimi fəaliyyət göstərməyi düşünürsünüzmü?

- Məclisdə olan zaman hər kəsi özümə cəlb edə bilirəm. Səsimin olmasına baxmayaraq dostlarımın yanında oxuyuram. Fikrimcə hər kəs öz işi ilə məşğul olsa daha yaxşı olar. Müğənni olaraq tamaşaçıların qarşısına çıxmağı düşünmürəm. Ancaq səs baxımından mənimlə heç bir ifaçı yarışa bilməz.