Baş nazir olmaq istəyən 17 yaşlı namizəd

10 Dekabr 2014 12:19 (UTC+04:00)

Pakistanlı gənc fəal Malala Yousafzai BBC kanalına Nobel Sülh Mükafatını qazanması haqqında müsahibə verərkən kariyerasını siyasətdə qurmaq istədiyini dilə gətirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, Böyük Britaniyada təhsilini başa vurduqdan sonra hətta Pakistanın baş naziri vəzifəsinə yiyələnməyə iddialı olduğunu bildirib: "Mən ölkəmə xidmət etmək istəyirəm. Arzu edirəm ki, ölkəm dünyanın inkişaf etmiş ölkələri sırasında olsun və bütün uşaqlar təhsil ala bilsin. Qazandığım mükafat mənim üçün çox önəmlidir və bu mənə böyük ümidlər verir. Mükafatı qazandıqdan sonra özümü daha güclü hesab edirəm. Çünki bilirəm ki, indi mənə dəstək verən insanların sayı daha da çoxalıb".

Gənc fəal qeyd edib ki, o, iki dəfə Pakistanın qadın baş naziri seçilmiş, 2007-ci ildə öldürülən Benazir Bhutto-dan ilhamlanıb.

Xatırladaq ki, Malala Yousafzai uşaq və gənclərə edilən təzyiqlərin qarşısının alınmasında və bütün uşaqların təhsil almaq hüquqlarının qorunmasında aktiv fəaliyyətinə görə, uşaq hüquqlarının müdafiəsi üçün mübarizə aparan hindistanlı fəal Kailash Satyarthi ilə birgə bu ilin oktyabr ayında Nobel Sülh Mükafatına layiq görülüb. O, 2012-ci ilin oktyabr ayında qızları təhsilə cəlb etmə kampaniyası keçirdiyi üçün Taliban silahlı şəxsləri tərəfindən başından vurulmuşdu.

Malala Yousafzai Nobel Sülh Mükafatına layiq görülən ən gənc fəaldır. Onun 17 yaşı var.