"Tikililərin sahiblərinə ciddi xəbərdarlıq olunub"

8 Dekabr 2014 16:00 (UTC+04:00)

"Yüksək gərginlikli elektrik xətlərinin altında inşa edilən tikililər nəzarətdədir və bu tikililərin sahiblərinə ciddi xəbərdarlıq olunub". Bu sözləri Gəncə Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin xidmət rəisi Bəhruz İsmayılov SİA-ya açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, bu tikililəri inşa etdirən şəxslərə dəfələrlə yazılı şəkildə xəbərdarlıq edilib: "Bundan əlavə vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə, eləcə də hüquq mühafizə orqanlarına bildiriş xarakteri daşıyan məlumatlar çatdırılıb. Bu tədbirlərlə yanaşı, təhlükəsizliyin tələbləri pozulan tikililərə texniki şərt verilmir, bu da nəticə etibarı ilə bu tikililərin elektrik enerjisi təmin olunmaması deməkdir. Həyata keçirilən mübarizə tədbirlərinə baxmayaraq, bəzi şəxslər yüksək gərginlikli elektrik xətlərinin altında tikinti işlərini davam etdirirlər. Gedən proseslər qurumun baş verə biləcək qəza hallarının qarşısının alınmasında da ciddi problemlər yaradıb. Yəni mühafizə olunan ərazidə aparılan tikinti işlərindən sonra qeydə alınan və vaxtında aradan qaldırılması gərəkən qəza hallarının bərpası bəzən günlərlə vaxt aparır. Rəsmi statistikaya görə, təkcə Gəncə şəhərində yüksək gərginlikli elektrik xətlərinin altında təxminən 400-ə yaxın tikili var. Bu tikililərin əksəriyyəti yeni salınan qəsəbələrdə inşa edilib. Digər təəssüf doğuran məqam isə bu sayın ildən ilə artmasıdır".

İlham Məmmədzadə