Tamerlan Vahabov: “Hesab edirəm ki, görüşün əsas məqamlarından biri budur” AÇIQLAMA

6 Dekabr 2014 12:57 (UTC+04:00)

"Hər hansı bir konstruktiv nəticənin əldə olunması Ermənistanın mövqeyindən doğur". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Bazel şəhərində keçirilən 21-ci iclasının ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanın bütün beynəlxalq təşkilatlar çərçivəsində keçirdiyi görüşlərin hər biri bizim mövqeyimizi nümayiş etdirir: "Yəni, Azərbaycan hər dəfə orada öz mövqeyini ortaya qoyur, bu görüşlərdə iştirak edir və sülh prosesində maraqlı olduğunu göstərir. Hesab edirəm ki, görüşün əsas məqamlarından biri budur. Azərbaycan hər dəfə sülh prosesinin tərəfdarı olduğunu göstərir və konstruktiv yolla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini istəyir. İşğalçı ölkənin əks mövqeyi isə onun məcburən beynəlxalq təşkilatlarda iştirakını göstərir. Ümid edirik ki, beynəlxalq təşkilatların digər üzvləri də Azərbaycanın bu mövqeyini görür və müəyyən nəticələr çıxardacaqlar".

T. Vahabov hesab edir ki, çox vaxt beynəlxalq təşkilatlar konsensus prinsipini üstün tuturlar: "Amma çox zaman Ermənistan və onu dəstəkləyən digər dövlətlərin mövqeyini buna mane olur. Bu mənada hər hansı bir konstruktiv nəticənin əldə olunması Ermənistanın mövqeyindən doğur. Təbii ki, bu da ATƏT-in işinə və sülh prosesinə böyük əngəl yaradır".