Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beyləqan və Füzuli rayonlarında, o cümlədən Xocavənd rayonunun məcburi köçkünləri üçün salınmış şəhərcikdə respublikanın tanınmış incəsənət ustalarının yerli əhali ilə yaradıcılıq görüşləri keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirlərin əsas məqsədi işğal altında olan rayonların erməni təcavüzünə məruz qalmış tarix və mədəniyyət abidələrinə, həmin bölgələrin qədim mədəni irsinə diqqətin cəlb edilməsi, məcburi köçkünlərin ölkəmizdə mədəniyyət sahəsində əldə olunmuş nailiyyətlər barədə geniş məlumatlandırılması, gənc nəslin sənət adamları, onların yaradıcılığı ilə yaxından tanış olmasıdır.
Xocavənd qəsəbəsində yerləşən rayon Mədəniyyət evində və Beyləqan rayon Mədəniyyət sarayında konsert proqramları təqdim olunub. Xalq artistləri Simarə İmanova, Cəmilə Bayramova, əməkdar artistlər Zakir Əliyev, Teyyub Aslanov, Azad Şükürov, aktrisa Zülfiyyə İsmayılova, müğənnilər Vüsalə Əsgərova, müğənni-aşıq Solmaz Kosayeva, şair Maarif Soltan, musiqiçilər Altay Niftəliyev, Araz Ağaverdiyev rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.
Yaradıcılıq görüşlərində Azərbaycanı tərənnüm edən mahnılar, şeirlər səslənib, ölkəmizin uğurlu inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri xüsusi vurğulanıb.
Qeyd edək ki, tədbirlərdə Xocavənd və Beyləqan rayonlarının rəhbərləri çıxış edərək bu cür görüşlərin bölgələrin mədəni həyatında mühüm hadisə olduğunu qeyd ediblər.