Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu turizmdə yeni texnologiyalar tərtibatçısı olan Event Platformu öz üzvləri sırasında salamlayıb. SİA-nın verdiyi məlumata görə, korporativ tədbirlər və seminarlar üçün interaktiv vasitələr təchizatçısı olan Event Platform və Azərbaycan Konqreslər Bürosunun qarşılıqlı əməkdaşlığı özünü doğrultmuş əməkdaşlıqdır.
Büro və Event Platform əvvəllər də müxtəlif tədbir və layihələrin təşkilində birgə uğurla çalışıblar ki, bu tədbirlər sırasında Büronun Barselonada keçirilən EIBTM sərgisində iştirakı və cari ilin sentyabrında Bakıda təşkil edilən Açıq Qapılar tədbirini göstərmək olar.
EIBTM beynəlxalq turizm sərgisində Azərbaycan Konqreslər Bürosu Event Platformun hazırladığı xüsusi proqramda iştirak etmişdir. İnteraktiv axtarış və axtarış həlləri təqdim edən bu proqram sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Event Platform tərəfindən hazırlanmış Açıq Qapılar tədbirinin xüsusi mobil proqram təminatı isə iştirakçıların tədbiri daha dəqiq izləməsinə və interaktiv şəkildə tədbirin işində iştirak etməyə imkan verib.
Büronun fəaliyyəti, məqsəd və hədəfləri ilə bağlı təqdimatın keçirildiyi və Büroya üzvlüyün açacağı imkanlar barədə məlumat verildiyi Açıq Qapılar tədbiri iştirakçılarını həmçinin xüsusi proqram təminatı ilə təəccübləndirməyə nail olub.
Eyni zamanda Event Platform cari ilin 3-7 sentyabr tarixlərində Azərbaycanın biznes turizm potensialı və investisiya imkanları ilə tanış olmaq üçün ölkəmizdə tanışlıq səfərində olan alman nümayəndə heyətinin səfərinin uğurlu keçməsində də öz səylərini əsirgəməyib.
Xatırladaq ki, səfər zamanı nümayəndə heyəti Azərbaycanın adət-ənənələri və ölkədə biznes turizminin inkişafı üçün yaradılan şərait haqqında məlumatlandırılıb və həmçinin səfər çərçivəsində şəhərimizin qonaqları YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilib "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu kimi tarixi abidələrlə tanış olublar. Qonaqlar üçün xüsusi olaraq Event Platform tərəfindən hazırlanmış interaktiv oyunla İçərişəhəri və eyni zamanda Azərbaycanın mədəniyyətini daha yaxından öyrənmək imkanı əldə ediblər.
İştirakçılara təqdim olunmuş iPad cihazlarındakı xüsusi proqramlar onlara gəzdikləri məkan haqqında maraqlı ve spesifik informasiya verib, diqqətlərini cəlb etdikləri məkanda foto və video çəkilişləri aparmağa təşviq edib və eyni zamanda informativ suallarla vaxtlarını əyləncəli keçirməyə imkan yaradıb.
Event Platform korporativ tədbirlər üçün maraqlı və effektiv texnologiyalar hazırlayır. Şirkətin məhsulları konfrans, forum, təlim proqramları və s. tədbirlərin daha effektiv təşkil olunmasında böyük rol oynayır.
2013-cü ilin sonlarından fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun fəaliyyət sahəsinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlər daxildir.
Hazırda Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və bütün maraqlı MICE bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.