Nəsimi rayonunda namizədlərlə görüş keçirilib

4 Dekabr 2014 22:39 (UTC+04:00)

Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq keçirilən təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Seçki Qərargahında qərargah üzvləri ilə bələdiyyə seçkilərinə namizədliyi irəli sürülmüş şəxslərin görüşü keçirildi.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, ölkə Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz sosial həyatında hiss edir: "Ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb. Rifah və quruculuq naminə" şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edib və bu gün də bu proses davam edir".

M.İbrahimqızı çıxışında onu da bildirdi ki, bu gün, nəinki Azərbaycanın, bütövlükdə, regionun ən böyük və mütəşəkkil partiyası olan YAP-ın uğurlarının əsasında xalq sevgisi, dəstəyi dayanır: "Məhz bu dəstəyin nəticəsində partiyamız yarandığı tarixdən bu günə qədər ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda, seçki prosesində qalib gəlib. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz bu siyasətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışacaq. Mən inanıram ki, seçicilər hər zaman olduğu kimi bu dəfə də real işə qiymət verəcəklər". Millət vəkili bələdiyyə seçkilərində YAP-ın qələbə qazanacağına əminliyini bildirdi və bu məqsədlə namizədlərə uğurlar arzuladı.

Tədbirdə YAP Nəsimi rayon təşkilatı tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş Nazim Qaraxanov çıxış edərək Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyinin irəli sürüldüyünə görə minnətdarlığını bildirdi. Belə qüdrətli bir partiyanın üzvü olduğunu görə, qurur hissi keçirdiyini dilə gətirdi. Bələdiyyəyə namizəd onu da vurğuladı ki, bələdiyyələr yerli problemlərin həlli ilə yanaşı, digər dövlətlərin bələdiyyələrinin təcrübələrini də mənimsəməlidir. Partiyanın ona, eləcə də digər namizədlərə göstərdiyi etimadı doğrulacaqlarına və bunu əməli fəaliyyətdə təsdiq edəcəklərini vurğuladı. Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının qərargah üzvü Cahangir Qocayev Yeni Azərbaycan Partiyasının qarşıdakı bələdiyyə seçkilərində də böyük qələbəyə imza atacağına qeyd edərək, namizədlərə uğurlar arzuladı.

Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva 23 dekabrda ölkəmizdə çox mühüm bir kampaniyanın keçiriləcəyini qeyd edərək 1999-cu ildən yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin vəzifələrindən danışaraq, qeyd etdi ki, bu qurumun fəaliyyəti xalqa səmərəli xidmət göstərmək və yerli sosial məslələrin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. O, hər bir namizədə öz işində məsuliyyətli olmağı tövsiyə etdi.

Görüşdə çıxış edən namizədlər Yeni Azərbaycan Partiyası tərəfindən onlara böyük etimad göstərilərək, namizədliklərinin irəli sürüldüyünə görə təşəkkürlərini bildirdilər. Partiyanın proqramına əsasən "Rifah və quruculuq naminə" əhalinin güzəranının yüksəldilməsinə qayğı göstərəcəklərinə söz verdilər.

Nəzakət ƏLƏDDİNQIZI