Əli Abbasov: “Mobil operatorlar arasında vahid tarifə keçiləcək” AÇIQLAMA

2 Dekabr 2014 16:59 (UTC+04:00)

"2015-ci ilin noyabrında Azərbaycanda aşağı səviyyəli Yer səthinin monitorinqi üçün istifadə olunan peyklərin idarəetmə sistemi qurulacaq. İki ildir ki, Fransanın bu növ peykinin birincisi olan "Sport 6" artıq orbitdədir. Azərbaycana aid olan isə "Azərskay" adlandırılır. Bu da bu gün "Sport 6" ilə birlikdə ümumi sistemə qoşulub". SİA-nın məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "BakuTel 2014" sərgisində jurnalistlərə açıqlama verərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan gələcəkdə kosmosda digər ölkələrlə birlikdə tədqiqatlar apara biləcək: "Bununla da az sayda ölkənin əldə etdiyi texnologiyalara sahib olacaq. "Azərskay" peykinə 150 milyon avro investisiya qoyulur. İnvestisiyanın 85%-i Fransa bankı tərəfindən maliyyələşdirilir. Təxminən Fransa da "Sport 6"ya 150 milyona avroya yaxın investisiya qoyub. Hər 2 peyk eyni sistemdə istifadə olunacaq".

Bundan başqa nazir bildirib ki, yaxın vaxtlarda mobil operatorlar arasında vahid tarifə keçiləcək: "Bunu mobil operatorlar da qəbul edib. Bu həm bazarda rəqabəti balanslaşdırmağa, həm də mobil operatorlara əhaliyə verdiyi xidmətləri aşağı salmağa imkan yaradacaq".