Vahid Əhmədov: “2015-ci ildə kimya üzrə Sənaye Parkı yaradılacaq” Açıqlama

27 Noyabr 2014 16:05 (UTC+04:00)

"2014-cü il dövlət başçısı tərəfindən "Sənaye İli" elan edilib. Buna əlavə olaraq təxminən 25 gün bundan öncə cənab Prezident "Sənaye Məhəllələrinin Yaradılması" ilə əlaqədar olaraq da sərəncam imzalayıb". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, sənaye ili ilə əlaqədar Azərbaycanda bir çox işlər görülüb və davam etdirilir: "Sənaye məhəllələrinin yaradılmasında əsas məqsəd sahibkarlara kömək etməkdir. Dövlət tərəfindən struktur layihələri həyata keçirilərək hazır sahə, yəni su, qaz və işıqla təmin olunmuş sahə hər hansı bir sənayə məhsulunu istehsal etmək üçün sahibkara icarəyə verilir. Ümumiyyətlə hesab edirəm ki, sənaye ili ilə əlaqədar Azərbaycanda müəyyən qədər işlər görülüb. Sənaye parklarının yaradılması istiqamətində Sumqayıtda Texno Park yaradılıb. Kibersənaye Parkının tikintisi Sumqayıtda davam etdirilir. Balaxanıda Sənaye Parkının müəyyən hissəsi yaradılıb və istifadəyə verilib. O cümlədən Gəncədə Aliminyum Zavodunun təkrar istifadəyə verilməsi də görülən işlərin tərkib hissəsidir. Bundan başqa, ümumiyyətlə sənayenin inkişafı ilə əlaqədar əlbəttə ki, bütün bunlar bizi qane edə bilməz. Çünki dövlət başçısı Azərbaycanın gələcəyi ilə bağlı qarşıya məsələ qoyub ki, ölkədə qeyri – neft sektorunun əsas böyüməsi olaraq sənaye inkişaf etdirilməlidir. Ona görə də, sənaye sahələrinin yaradılmasına çox böyük ehtiyac var. Yəqin ki, bu sahədə də Azərbaycan Respublikası müəyyən işlər görəcək".

Millət vəkili gələcək illərdə də Azərbaycanda yeni sənaye sahələrinin tikilməsinin həyata keçiriləcəyini ifadə edib: "2015-ci ildə kimya üzrə sənaye parkı yaradılmalıdır və istifadəyə verilməlidir. Balaxanı sənaye parkının qalan hissəsinin tikilib istifadəyə verilməsi gözlənilir. Bundan başqa, sənayenin müəyyən sahəsi olan xüsusilə naqliyyatla əlaqədar olan gəmiçiliklə bağlı zavod tikilib istifadəyə verilib, indi isə müəyyən hissələri var ki, istifadəyə verilməlidir. Bir də gəmiçilik sahəsində yeni metallurgiya kompleksinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Ümumiyyətlə, sənaye ilə əlaqədar olaraq xüsusi proqram var, üzərində işlənilərək hazırlanıb. İqtisadi İnkişaf Nazirliyi bu sahədə böyük işlər görür və onun davamı olacaq".