"Synergy Group"a daxil olan "Cybernet" şirkətinin yaradılmasının 10-cu ildönümü münasibətilə yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən "Cybernet" şirkətinin baş direktoru İlham Namazov 2004-cü ildən fəaliyyətə başlayan şirkətin keçdiyi inkişaf yolundan danışıb. Ötən dövr ərzində əməkdaşlarının sayının 10 dəfə artığını, habelə həyata keçirilən layihələrin həcminin xeyli genişləndiyini bildirən baş direktor "Cybernet" şirkətinin dövlət və özəl qurumların fəaliyyətində mürəkkəb avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması və tətbiqi istiqamətinə sadiq qaldığını xüsusi qeyd edib. İlham Namazov şirkətin gördüyü işlər sırasında Dünya Bankının layihəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində avtomtlaşdırılmış sənəd dövriyyəsi informasiya sisteminin tətbiqini və hazırda üzərində iş aparılan daşınmaz əmlakın qeydiyyatı kadastrı və idarəetmə sistemi layihəsini də qeyd edib.
Tədbirdə çıxış edən "Synergy Group"un İdarə Heyətinin sədri Kamran Abbasov dinamik və inkişaf edən Holdinq kimi "Synergy Group" tərəfindən ölkəmizdə qeyri-neft sektoruna ayrılan sərmayələrin əhəmiyyətindən danışıb və ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlar nəticəsində iqtisadiyyatın müxtəlif sahələrinin davamlı inkişaf etdiyini bildirib. Qrupun İdarə Heyətinin sədri "Cybernet" şirkətinin 10 illik uğurlu fəaliyyəti nəticəsində Azrbaycanın İKT sahəsində milli brendə çevrildiyini bildirib. Natiq "Cybernet" şirkətininİKT sektorunda ölkəmizdə tam olaraq yeni beynəlxalq səviyyəli standartların tətbiqinə müvəffəq olduğunu qeyd edib.
"Cybernet" şirkətinin baş direktorun müavini Anar Mehdiyev şirkətin 10 illik inkişaf tarixini əks etdirən təqdimatla çıxış edib, ötən il şirkətin keçirdiyi rebrendinqdən sonra "Cybernet"in İT sahəsində çoxşaxəli fəaliyyətə keçdiyini vurğulayıb. Natiq şirkətin təklif etdiyi xidmət və həllərin yalnız Azərbaycanda deyil, həm də MDB ölkələrində tələbatın olduğunu nəzərə çatdırıb, potensial imkanlarından söz açıb.
Tədbir "Cybernet" şirkətinin 10 illik yubileyi şərəfinə tort kəsilməsi və şou-konsert proqramı ilə davam edib.
Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən "Synergy Group"un İKT sektoruna daxil olan "Cybernet" şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq edib. Şirkət Elektron hökumət həllərinin tətbiqi və elektron xidmətlərinin yaradılmasında böyük təcrübəyə malikdir.