"Araşdırmalar göstərir ki, Əfqan Muxtarlı və Xədicə İsmayıl eyni mərkəzdən idarə olunurlar. Hesab edirəm ki, bu adamları jurnalist kimi mətbuata sırıyan insanlarda çox böyük günah var". Bunu SİA-ya "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Batumidə keçirilən toplantıda baş verən hadisələrdə də bunların bir başa əlaqələri var: "Azərbaycanda baş verən hadisələrə daha çox aqressiv reaksiya verən Əli Kərimlinin bir qrup tərəfdarı, Xədicə İsmayıl və Əfqan Muxtarlı idi. Ə. Muxtarlı peşəkar jurnalist deyil. Ona görə də onlardan hər hansı bir formada istifadə edən adamlar da bu gün baş verənlərə görə müəyyən qədər məsuliyyət daşıyırlar".
E. Mirzəbəyli deyib ki, bu adamlarda normal düşünən, Azərbaycan dövlətinin maraqlarını güdən insanlara qarşı hər zaman aqressiya olub: "Onlar öz xalqlarına, dövlətlərinə düşmən kəsilən və mütəmadi olaraq aqressiv mövqe ortaya qoyan insanlardır. Bu qəbildən olan insanların kənardan idarə olunduqlarını müəyyənləşdirmək üçün xüsusi bilgiyə, informasiyaya malik olmaq lazım deyil. Əgər bir insan heç bir əsas olmadan öz xalqına, dövlətinə qarşı aqressiya püskürürsə, deməli onun kəndiri başqalarının əlindədir. Sadəcə olaraq onları idarə edən şəxslər nə zaman göstəriş versələr, o zaman açıq və qabarıq formada nəzərə çarpırlar. Mənzərə ortalıqdadır. Düşünürəm ki, Azərbaycan mətbuatının belə adamlardan təmizlənməsi üçün mümkün olan bütün addımları atmaq lazımdır. Mətbuat öz içindən təmizlənməlidir".
E.Mirzəbəyli qeyd edib ki, X.İsmayıl konkret olaraq siyasi mövqe nümayiş etdirən, xarici dairələrin maraqlarını ifadə edən, nüfuz müvəkkilliyi funksiyasını yerinə yetirən şəxsdir və bu adamların mətbuata heç bir aidiyyatı yoxdur.