Ən yaxşı ixtiralar bəlli olub

27 Noyabr 2014 10:56 (UTC+04:00)

2014-cü ilin sonuna yaxın nüfuzlu "Time" jurnalı son 12 ayda dünyaya təqdim edilmiş ən vacib innovativ məhsulların siyahısını dərc edib. SİA-nın məlumatına görə, bu siyahı yeni icad edilmiş texnoloji cihazların qiymətləndirilməsi nöqteyi-nəzərindən maraqlı olub. Reytinq cədvəlində "Apple Watch", təhlükəsiz "Blackphone", həmçinin "selfi" üçün ştativ və "Microsoft Surface Pro 3" planşeti ən üst sıralarda qərarlaşıb. "Apple Watch" isə cari ilin sentyabrında təqdim edilmiş, amma hələ satışa çıxarılmayan "ağıllı" saat "Top-25"-likdə altıncı və cihazlar arasında birinci pillədə qərarlaşıb. Nəşrin səhifəsində bu cihazın təsvirində yazılıb ki, "Apple Watch" yalnız "ağıllı" saat deyil, həm də kiçik portativ kompüterdir. "Bu saat özündə sensor ekranı və fiziki düymələri birləşdirir. Qurğu mesaj göndərə, göstərişlər verə, insan orqanizminin göstəricilərini izləyə və kontaktsız ödənişlər edə bilər" – nüfuzlu nəşrin jurnalistləri əmin ediblər və bildiriblər ki, "Apple Watch"ın buraxılışı ilə daşınan cihazlar bazarı yüksək inkişaf mərhələsinə qədəm qoyacaq.