Azərbaycanlı girovların saxlanma şəraiti beynəlxalq konvensiyalara uyğun deyil

24 Noyabr 2014 17:41 (UTC+04:00)

"İyulun 12-də Azərbaycanın işğal edilmiş ərazisində - Kəlbəcər rayonunda girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun saxlanılma şəraiti beynəlxalq konvensiyalara uyğun deyil". SİA-nın məlumatına görə, bunu "Azıxantrop" Tarixi Araşdırmalar İctimai Birliyi sədri Rəsmiyyə Babayeva Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının müdafiəsi məqsədi ilə keçirilən tədbirdə deyib.

O vurğulayıb ki, azərbaycanlı girovlara belə davranış yolverilməzdir: "Bu gün azərbaycanlı girovların saxlanma şəraiti, onların vəziyyəti barədə məlumatsızıq. Təəssüf ki, bu barədə heç bir məlumat verilmir".

R.Babayeva qeyd edib ki, beynəlxalq təşkilatlar bu məsələyə ikili standartlarla yanaşırlar: "Birliyimiz girovlarımızın hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan və İngilis dillərində BMT-nin baş katibinə, BMT-nin İnsan Hüquqları Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, Avropa Şurasına, Avropa Komissiyasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin ölkəmizdəki səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına bəyanat ünvanlanyıb".

Tədbirdə çıxış edən Şahbaz Quliyevin qardaşı İlham Quliyev vurğulayıb ki, girovlarımıza qarşı təşkil edilən saxta məhkəmə prosesi heç bir beynəlxalq konvensiyalara sığmır: "Onların heç bir hüquqi yoxdur ki, öz yurdlarına gedən azərbaycanılara saxta məhkəmə qursunlar. Saxta məhkəmə zamanı çəkilən videolar onların nə qədər işgəncəyə məruz qaldığını sübut edir".

"Beynəlxalq Qızıl Xaç Komitəsi hər dəfə məktub gətirir. Məktubun məzmunu hər dəfə də eyni olur. Biz BQXK məhkəmədən əvvəl iki şəkil gətirdilər. O, cür vəziyyətdə saxlanan necə yaxşı olar?! Ermənilərə nəsə olsa, dərhal xarici təşkilatlar, dövlətlər buna reaksiya verir. Nədən azərbaycanlı girovlarla bağlı səslərini qaldırmırlar? Əgər onlar bir neçə ay da girovluqda qalsalar, həyatları təhlükə qarşısında olacaq. Bu məsələyə dünya münasibətini dəyişməlidir".

Dilqəm Əsgərovun qardaşı Sahib Musayev isə çıxışında deyib ki, bu təkcə onların ailələrinin problemi deyil, bu bütün Azərbaycanın problemidir: "Dəfələrlə BMT-yə müraciət etmişəm. Amma bir nəticəsi yoxdur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə də müraciət etmişəm, lakin onlardan heç bir cavab gəlməyib".

Tədbirdə Şahbaz Quliyevin qızının və həyat yoldaşının video müraciətləri də səsləndirilib.

Tədbirdə müzakirələrlə yekunlaşıb.