"Müsavatın keçmiş başqanı İsa Qəmbərin müşavirədə narazıların üzərinə səsini yüksəltməsini saxtakarların təəsübünü çəkməsi kimi qiymətləndirirəm". Bu fikirləri SİA-ya Müsavat Partiyasından çıxarılan keçmiş başqan müşaviri Səxavət Əlisoy adıçəkilən təşkilatın dünən keçirilən ümumrespublika müşavirəsində baş verənləri şərh edərkən deyib.
S. Əlisoy bildirib ki, bu gün Müsavat Partiyası faktiki olaraq iki hissəyə parçalanıb: "Bir tərəfdə saxtakarlığa qarşı çıxanlar, digər tərəfdə isə saxtakarlığa yol verənlər dayanır. Onlar çalışır ki, mübarizəmizi səssiz şəkildə, 2006-cı ildəki kimi batırsınlar. Amma bu alınmır. Ciddi ittihamlar səsləndirirlər. Narazıları Müsavata xəyanətdə suçlayırlar. Saxtakarlığa qarşı çıxanları xəyanətdə suçlamağın özü absurddur. Müsavata xəyanət edənlər saxtakarlığa yol verənlərdir. Onlar bilirlər ki, artıq eyforiyaları bitib. Onların özləri də anlayır ki, saxtakar imicindən xilas ola bilməyəcəklər. Ona görə də təhdid formasındakı böhtanlarını daha da genişləndirəcəklər. Qısa zaman ərzində narazıların qərarı açıqlanacaq. Partiyanın demokratik imicini özünə qaytarmaq üçün mübarizəni dayandırmayacağıq".
Keçmiş müşavir onu da qeyd edib ki, artıq partiyanın qatarı gedib: "Artıq qatar gedib. O proses bitib. Bu prosesə, saxtakar ssenarisi başlığı qoyulub. Bundan sonra prosesə kimin necə müdaxilə etməsinin önəmi yoxdur. Faktiki olaraq partiyada birliyin olması qeyri-mümkündür. Saxtakarlığa qarşı çıxan insanların səsini kəsmək inandırıcı deyil. Onları partiyadan xaric etmək olar. Amma bizim səsimizi kim kəsə bilər? Bizim səsimizi kəsmək qeyri-mümkündür. Çünki bizim sayımız yüzlərlədir. Bu, ciddi bir faktdır".
S. Əlisoy qeyd edib ki, yaxın zamanda bu siyasətdən narazı rayon təşkilatları da prosesə qoşulacaq: "Hesab edirəm ki, onlar reallığı o zaman anlayacaqlar. Belə ki, keçmiş zamandan danışmağın mənası yoxdur, biz gələcək zamanda danışacağıq. İnsanları qarşı-qarşıya qoymaq İsa Qəmbərə yaraşan hərəkət deyil. Uzun müddət partiyanın başqanı olmuş birinin narazılarla bağlı dediyi fikirlər yanlış yanaşmadır".
Xatırladaq ki, narazılar qrupu tələbləri yerinə yetirilməsə, adekvat addım kimi müsavatçılıq ideologiyasına cavab verəcək yeni partiyanın yaradılacağını da istisna etmirlər.