Azərbaycan Respublikasının füsunkar gözəlliyə, zəngin təbiətə və meşə örtüyünə malik olan ən gözəl rayonlarından biri də Zəngilandır. Zəngilan rayonu Azərbaycanın cənub-qərbində yerləşir və Araz çayı boyunca uzanır. Rayonun inzibati mərkəzi Zəngilan rayonudur. Zəngilan rayonunun ərazisində əhəmiyyətli Mincivan dəmiryolu stansiyası yerləşir.
Öz tərkibinə görə Avropada ən böyük və nadir meşə Zəngilanda yerləşir. Burada Araz çayının hövzəsində 1977-ci ildə 117 ha ərazidə Bəsitçay Dövlət qoruğu yaradılıb. Şərq çinarlarının bitdiyi meşə "Qırmızı Kitaba" salınıb, eyni zamanda çinarların yaşı 500 ilə çatır və çayın yatağı boyu 12 km məsafədə uzanır.
Dünyaca məşhur olan Zəngilan Çinar meşələri ermənilərin dağıdıcı terror siyasətindən də yan keçmədiyindən çinar meşəsi məhv olmaq üzrədir. Bunun qarşısını almaq üçün hansı vacib tədbirlər görmək lazımdır?
Bu haqda SİA-ya coğrafiya elmlər doktoru Mahmud Xəlilov məlumat verib. Bildirib ki, təəssüflər olsun ki, hələlik ermənilərin törətdiyi vəhşiliyin qarşısını heç nə ilə almaq mümkün deyil: "Avropada yeganə təbii çinar meşəsi Kiçik Qafqazın qərb hissəsində, Zəngilan rayonundadır. Bəsitçay vadisində 117 hektar sahəni əhatə edir. Onun 107 hektarı Bəsitçay Dövlət təbiət qoruğuna məxsusdur. Qoruq 1974-cü ildə mərhum akademik Həsən Əliyevin təşəbbüsü ilə yaradılıb. Meşənin uzunluğu 15 km, eni isə 150-200 metrə çatır. Təəssüf ki, belə bir çinar meşəsi 20 ildir ki, erməni işğalçılarının əlindədir. Əsrlərin yadigarı olan çinar ağacları ermənilər tərəfindən qırılır və məhv edilir. Zəngilan rayonunun Muğanlı kəndində 100 milyon dollar dəyərində yeni ağac emalı zavodu tikilib. Guya bu zavodun əsas xammal bazası Araz çayından axıb keçən ağaclardır. Halbuki zavodun istifadəyə verilməsinin başlıca məqsədi Zəngilanın və ətrafdakı digər işğal edilmiş rayonların meşələrinin kökünün kəsilməsidir. Əlbəttə ki, başlıca zərbə yenə də çinarlara dəyir. Çinar meşəsi təkcə Azərbaycana deyil, bütün Avropa təbiətinə məxsus olan nadir incidir. Təəssüflər olsun ki, bunun qarşısını almaq üçün əlimizdən heç nə gəlmir".
Qeyd edək ki, Zəngilan rayonu 30 oktyabr 1993-cü il ermənilər tərəfindən işğal olunub.