"Hesab edirəm ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir addım atmaması dünyada olan ədalət böhranı ilə bağlıdır". Bunu SİA-ya Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
PA-nın şöbə müdirinin sözlərinə görə, ədalət böhranı olan yerdə beynəlxalq hüquq yoxdur: "Mən bunu Qərb və Avropa nümayəndələrinə dəfələrlə demişəm. Ədalət dünyada ən birinci və mühüm fundamental, universal dəyərdir. Əgər ədalət yoxdursa, universal dəyərlər haqqında danışılanların hər biri bir heçdir. Ədalətin olmamasına səbəb isə bu gün dünyada gedən proseslərin həddindən artıq geosiyasiləşməsidir. Yəni, hər bir tərəf yalnız öz maraqlarını düşünərərək ədaləti, demokratiyanı, insan haqlarını, beynəlxalq hüququ tətbiq etmək istəyir. Bu isə bu gün XXI əsrin ikinci onilliyində yaranmış vəziyyətə gətirib çıxarır. Təbii ki, bu, çox mürəkkəb və mühüm bir məsələdir. Düşünürəm ki, hamı özü üçün bunu ətraflı fikirləşib dərs götürməlidir".