Nahid Bağırov: “Beşulduzlu hotellərdə qiymətlər 30-50% ucuzlaşıb” AÇIQLAMA

20 Noyabr 2014 17:10 (UTC+04:00)

"Bu il ötən illər müqayisədə turistlərin sayında azalma müşahidə olunur". Bunu SİA-ya açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib. Sədr bunun əsas səbəblərindən birinin Ukrayna və Rusiyada baş verən hadisələr olduğunu diqqətə çatdırıb: "Ölkəmizə ən çox turist Rusiya və Ukraynadan gəlir. Bildiyiniz kimi hazırda bu dövlətlərdə hərbi vəziyyət yaşandığı üçün turist sayının da müəyyən qədər azalması müşahidə olunur. Ancaq Avropadan gələn turistlərin sayı kifayət qədərdir. Bunu 2015-ci il yanvar-fevral aylarında rəqəmlərin sayına uyğun olaraq daha dəqiq bilmək olacaq".

N.Bağırov onu da bildirib ki, dekabr ayının 1-dən artıq qış turizm mövsümünə start veriləcək: "Artıq Qusar, Qəbələdə yerləşən hotellər dekabr ayının 1-dən turistləri gözləyirlər. Sevindirici haldır ki, bölgələrimizdə kifayət qədər qar da var. Bu da turistlərin xizək sürməsinə şərait yaradır. Əvvəllər vətəndaşlarımız xizək sürmək üçün xarici ölkələrə üz tuturdular. Lakin indi bu şərait ölkəmizdə olduğuna görə, vətəndaşlarımızla yanaşı turistlər də bura gəlirlər. Bu da turizmin daha da inkişafına şərait yaradır. Artıq Azərbaycanda turizm üçün əlverişli vəziyyət yaranıb".

Sədr həmçinin ölkəmizdə 2-3 ulduzlu hotellərin tikilməsi ilə beşulduzlu hotellərin qiymətlərində də ucuzlaşma olacağını bildirib: "Azərbaycanda beşulduzlu hotellərin qiyməti iki dəfəyə qədər enib. 8-9 il bundan öncə Azərbaycanda bir neçə beşulduzlu hotel var idi. Ancaq indi kifayət qədər hotellər tikilir. O zamanla müqayisədə hazırki dövrdə qiymətlər 30% ucuzlaşıb. Bəzən 50%-dən də çox ucuzlaşma müşahidə olunur. Bu da təbii ki, hotellərin sayının çox olması ilə bağlıdır. Onlar arasında rəqabət getdiyi üçün sonda qiymətlər aşağı düşür. Əgər paytaxtımızda və ya bölgələrimizdə üçulduzlu hotellər tikilərsə bu turist sayının da artmasına gətirib çıxaracaq. Dünyada turistlərin 70% orta təbəqəyə aid insanlar olur. Onları da nəzərə almaq lazımdır. Ölkəmizlə Türkiyədə yerləşən hotellərin qiymətini müqayisə etsək müəyyən qədər fərq görərik. Təəssüflər olsun ki, bizim vətəndaşlarımız tez-tez söyləyirlər ki, Antalyada bir həftə gedib – qayıtmaq 700 manatdır. Lakin ölkəmizdə bir həftə istirahət etmək büdcələrinə 1000 manatdan çox zərər vurur. Bunun səbəbini onunla izah edim ki, 700 manatlıq paket 3 ulduzlu hotelin qiymətidir. Lakin Azərbaycanda beşulduzlu hotellərin qiyməti 1000 manat olur. Bu da ona gətirib çıxarır ki, əgər 3-4 ulduzlu hotellər regionlarımızda fəaliyyət göstərərlərsə sözsüz ki, qiymətlər də normal olacaq. Təəssüflər olsun ki, bu günə qədər bizim sahibkarlar ancaq çalışırlar ki, beşulduzlu hotellər tiksinlər. Sonda onu da deyim ki, artıq dövlətimiz üçulduzlu hotellərin tikilməsinə üstünlük verir və həmin sahibkarlara dəstək olurlar. Qəbələdə də bir və ya iki üçulduzlu hotel var. Turistlərin çoxu da bura gedir. Həmçinin Şahdağda xizəksürmə məktəbi də var ki, burada 2-3 beşulduzlu, bir ədəd isə dördulduzlu hotel fəaliyyət göstərir. Yəni orada üçulduzlu hotel yoxdur".

Qeyd edək ki, Azərbaycanda qış turizm mövsümü dekabr ayının 1-dən başlayır.