Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü YAP Pirallahı rayon təşkilatı tərəfindən də qeyd edilib. Partiyanın rayon təşkilatının sədri Manaf Manafov "Yeni Azərbaycan Partiyası – möhtəşəm 22 il" mövzusunda məruzə ilə çıxışında bildirib ki, YAP yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, soykökə qayıdış kimi dəyərlərin təbliğinə xüsusi yer verir.
Bildirilib ki, artıq bir ildən çoxdur ölkəmizin, o cümlədən Pirallahının tərəqqisi yolunda YAP rayon təşkilatı da öz töhfəsini verir. Bu müddətdə rayonun bütün idarə və müəssisələrində partiyanın ilk təşkilatları yaradılıb, rayon miqyasında bir çox tədbirlər keçirilib. Bu gün rayonda Yeni Azərbaycan Partiyasının 3 min 500 nəfərdən çox üzvü var.
Rayon icra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov deyib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü bütün respublikamızda böyük ruh yüksəkliyi ilə qeyd olunur. O, YAP-ın Azərbaycan tarixinin son dərəcə mürəkkəb dövründə, dövlətimizin görünməmiş sınaqlarla üzləşdiyi bir zamanda yaradıldığını söyləyib.
Milli Məclisin deputatı Rauf Əliyev, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının yaradılmasında, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu bildiriblər. Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş əsas vəzifələrin müstəqilliyin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını təşkil edir.