Gənc istedadlar

18 Noyabr 2014 16:52 (UTC+04:00)

Ölkəmizdə gənc qələm sahiblərinə olan diqqət və qayğı, yaradıcı gənclərin öz istedadlarını inkişaf etdirmələri üçün böyük imkanlar açıb. Belə gənc yazarlardan biri də Yunus Qaraxanovdur.

Gənc yazar Yunis Qaraxanov, yaradıcılığa yenicə başlayıb. Gənc şairin təmiz və ülvü ilahi düşüncələrlə, bəşəri hislərlə yazılan, yurdsevərlik duyğuları sonsuz məhəbbətlə tərənnüm olunan şeirlərdən oxucu, sözün həqiqi mənasında böyük mənəvi zövq alır. Gənc yazarın iki şeirini sizə təqdim edirik.

Qardaşım, qaz məzarımı

Yaşamışam ömrü hədər,

Mən görmüşəm sevinc, kədər,

Bu dünyadan köçsəm əgər,

Qardaşım, qaz məzarımı.

Tanrım məndən üz çevirib,

Mənə yaman əzab verib,

Taleyim məni bezdirib,

Qardaşım, qaz məzarımı.

Vətənimdə vətənsizəm,

Elə bildim kimsəsizəm,

Tək-tənhayam, mən yalnızam,

Qardaşım, qaz məzarımı.

Soyum, adım Qaraxanlı,

Nəslim, zatım Qarabağlı,

Yunisəm, sinəsi dağlı,

Qardaşım, qaz məzarımı.

Sənsiz

Gəl, səni dünyama qonaq aparım,

Gör sənsiz bu sevgi, məhəbbət nədir?!

Gəl, səni bir anlıq səndən qoparım,

Gör sənsiz bu hicran, bu həsrət nədir?!

Sən məni həyata qaytaran mələk,

Sən məni köksündə yaşadan ürək,

Sənsiz yaşamayıb öləm mən gərək,

Gör sənsiz mənimçün bu həyat nədir?!

Sənsiz bu həyatım zillətə dönər,

Ömrümə zilmət bir qaranlıq çökər,

Yunisi bir zaman anlasan əgər,

Gör sənsiz dünyada məşəqqət nədir?!