Ölkə iqtisadiyyatında ÜDM 2.8 faiz artıb

18 Noyabr 2014 12:27 (UTC+04:00)

Bu ilin on ayında ölkə iqtisadiyyatında 49,2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib, onun həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2,8 faiz artıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artıb, neft-qaz hasilatı və emalı sahələrində isə 1,8 faiz azalıb.

ÜDM-in 61,1 faizi istehsal sahələrində, o cümlədən 43,6 faizi sənayedə, 12,3 faizi tikintidə, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunub, 31,7 faizi isə xidmət sahələrinin payına düşüb.

Xidmət sahələrində yaradılan əlavə dəyərin 24,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 15,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,5 faizi informasiya və rabitə xidmətləri sahələrində, 48,4 faizi isə sosial və digər sahələrdə xidmətlər göstərən iqtisadi subyektlər tərəfindən təmin olunub.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib.