"Azərbaycandakı durumu haqlı-haqsız yerə tənqid etmək, ölkəmizdəki siyasi vəziyyətlə bağlı qərəzli tədbirlər keçirmək ABŞ üçün bir adət halını alıb. Güman ki, bu dəfə də belə olacaq və burada təəccüblü heç nə yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Astan Şahverdiyev bildirib.
Noyabrın 19-da ABŞ Konqresində Azərbaycan və ATƏT üzvü olan başqa ölkələrlə bağlı korrupsiyaya dair keçiriləcək dinləmələrlə bağlı danışan A. Şahverdiyev qeyd edib ki, bu dinləmələri elə də ciddiyə almaq lazım deyil: "Əgər o dinləmələrdə Xədicə İsmayıl iştirak edəcəksə, artıq o tədbirin mahiyyəti bəllidir. Orada heç bir obyektivlikdən, düzgünlükdən, vicdanlı müzakirələrdən söhbət gedə bilməz. Azərbaycan hazırda dünyada söz sahibidir, düşməni də yerində oturtmağı bacardıq. Bundan sonra da bizə qarşı olan bütün mənfi meyllərin qarşısı alınacaq. Təbii ki, indi belə bir dönəmdə, dünyanın Azərbaycana qibtə etdiyi birt vaxtda mahiyyəti bəlli olmayan tədbirlər keçirilirsə və bu tədbirlərdə təxribatçılar müzakirələr aparısa, deməli, söhbət yenə də qısqanclıqdan, düşmənçilikdən, xarici havadarlarının quluna çevrilməkdən gedir".