"AXCP sədri Əli Kərimli partiya rəhbəri olaraq qərargah saxlamaq kimi adi bir işin öhdəsindən gələ bilmirsə, iddia etdiyi iqtidara gəlsə, 9 milyon xalqı necə saxlayar?" Bu fikirləri SİA-ya vaxtilə şəxsi mülkünü AXCP-yə qərargah qismində icarəyə vermiş sahibkar Azər Əsgərov qəza baş verdiyinə görə, qərargahın sökülməsindən sonra Əli Kərimlinin onu aldatmasına münasibət bildirərkən deyib.
Azər Əsgərov bildirib ki, hələ 9 ay öncə qərargah söküntüyə məruz qaldıqda AXCP sədri və onun müavinləri Fuad Qəhrəmanlı, Gözəl Bayramlı ona bütün məsələlərdə yardım edəcəklərini söz vermişdilər: "Həmin vaxtdan 9 ay keçməsinə rəğmən, nə Əli Kərimli, nə də onun müavinləri mənə heç bir işdə dəstək verməyiblər. Hansı ki, o ərəfələrdə məni inandırmağa çalışırdılar ki, bu işlə bağlı Avropanın müəyyən instansiyalarına məktublar yollayıb, müraciət edəcəklər".
Mülk sahibi bir daha qeyd edib ki, Əli Kərimli ona verilmiş əmanətə sahib çıxmağı bacarmayıb: "Mən AXCP-yə mülkümü verdim, qoruya bilmədi. Haqlı olaraq rəhbərliyindən bu doqquz ayda hansı addımları atdıqlarını soruşduqda Əli Kərimlinin ətrafındakı bir qrup adam onun göstərişi ilə mənə ağızlarına gələni söyləyirlər. Hətta "facebook"da Əli Kəriminin təlimatı əsasında fəaliyyət göstərən gizli söyüş qrupu məni və ailəmi təhqir obyektinə çevirirlər. Mən bir dəfə etirazımı bildirdikdə isə cəbhəçi Kəmalə Bənənyarlı da söz çatdırmışdı ki, mən öz ittihamlarımı geri götürsəm, onlar da söyüşlərini yığışdıracaqlar. Amma bu olsa belə, yenə də mənə qarşı kirli oyunlar oynamaqda davam edilir. Bütün baş verənlərin arxasında isə bilavasitə Əli Kərimlinin dayanmasına bir qram da olsa şübhəm yoxdur ".
"Mən bu günədək bir manat da olsun kompensasiya almamışam. AXCP rəhbərliyi isə hələ də susur", - deyə bildirən mülk sahibi həmçinin qeyd edib ki, onun partiyaya etdiyi yaxşılığa rəğmən, Əli Kərimlinin adamları onu demək olar ki, hər gün, hər saat və hər saniyə təhqir hədəfinə çevirir, satqın adlandırır: "Bunun səbəbi nədir? Səbəbi Əli kimi müxalifət lideridir. Satılmış mən yox, Əli, sənsən! Sən 11 ay hakimiyyətdə nə qədər qazanmısan ki, indi burada müxtəlif xarici maşınların var, cangüdənlər saxlayırsan, "Torqovı"da (indiki Nizami küçəsi-red.) bir neçə mülkə sahibsən?! Bunu necə anlayaq ki, sənin Londondakı ailəni belə, cangüdənlər qoruyur? Hansı ki, bu gün orada adicə süpürgəçi 3 min funt-sterlinq maaş alır. Demək sənin ailənin cangüdənlərinə ən azından 10 min funr-sterlinq maaş ödənilir və bunu da sən ödəyirsən, Əli Kərimli!".
Mülk sahibi sıravi cəbhəçilərin də Əli Kərimlidən narazı olduqlarını bildirib: "Mən boş vaxtlarımda çayxanaya gedir, vaxtımı orada keçirirəm. Həmin çayxanalarda tanıdığım cəbhəçilər də var ki, onlarla həmsöhbət oluram. Sizi inandırım ki, onların bir çoxu Əli Kərimlinin oynadığı siyasətbazlığı dəstəkləmir, onu tənqid edirlər. Bax, budur əsl həqiqət. Əli Kərimlinin özü də yaxşı bilir ki, artıq onun partiyada beş-on dəstəkçisindən başqa kimsə qalmayıb. Çünki hər kəsi mənim kimi aldadıb bu adam".
Azər Əsgərov AXCP rəhbərliyinin onu hakimiyyətlə iş birliyi qurmaqda ittihamına cavab olaraq bildirib ki, onun mülkünü və məsum cəbhəçiləri satan, məhz Əli Kərimlidir: "Bununla arenada özünə imic qazanmaq istəyir. Əli Kərimlinin bu qədər rəzil və nankor insan olduğunu bilmirdim. Artıq tam əminəm ki, o daha betərindəndir. Bir şeyə təəssüf edirəm ki, mən bir sahibkar kimi ona etibar etdim. Ancaq ona etibar etməyimlə görün, hansı vəziyyətlə qarşı-qarşıya qalmışam".
Qeyd edək ki, Azər Əsgərov Əli Kərimli barədə daha bir neçə faktı bildiyini, həmin faktları açıqlayacağını bildirib.
Rövşən Nurəddinoğlu