Ölkəmizdə ilk dəfə olaraq, İspaniyanın məşhur "Barselona" futbol klubunun (FC Barcelona) rəsmi kampı Bakıda fəaliyyətə başlayır. SİA-nın məlumatına görə, kamp "İnter" (Bakı) futbol klubunun nəznində, "İnter Arena" stadionunda açılacaq. Fiziki hazırlığından asılı olmayaraq, 6-16 yaş kateqoriyasında istənilən uşaq "Barselona" klubunun kampında iştirak edə biləcək.
Kampın açılış mərasimi və mətbuat konfransı 17 noyabr tarixində, saat 15:00-da "İnter Arena" stadionunda keçiriləcək. Tədbirdə "Barselona" futbol klubu Akademiyasının koordinatoru Fredi Martin, məşqçilər Sergi Pi və Andreu Cerarols, həmçinin, "İnter" futbol klubunun vitse-prezidenti Müzəffər Novruzəliyev iştirak edəcək.
Qeyd edək ki, UEFA lisenziyalı bu mütəxəssislərin 15 ildən artıq məşqçi təcrübəsi, futbol üzrə magistr dərəcəsi var.
Konfransda qonaqlar Azərbaycanda BFK Kampı haqda danışıb, jurnalistlərin suallarını cavablandıracaq və bu layihə haqda ətraflı məlumat verəcəklər.