Şamaxıda “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” mövzusunda “dəyirmi masa” keçirilib

13 Noyabr 2014 20:31 (UTC+04:00)

Şamaxıdakı Heydər Əliyev Mərkəzində 16 noyabr - Beynəlxalq Tolerantlıq Gününə həsr edilən "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" mövzusunda "dəyirmi masa" keçirilib. SİA-nın azərtac-a istinadən verdiyi məlumata görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "dəyirmi masa"da qeyd edilib ki, bu gün dünyanın bir çox yerlərində, o cümlədən Avropada dini qarşıdurmaların, dinlərarası münaqişələrin hökm sürdüyü bir vaxtda Azərbaycan bu sahədə tamamilə fərqli mövqedədir. Ölkəmizdə dinlərarası, icmalararası münasibətlər yüksək səviyyədədir. Bu, ümummilli liderimiz Heydər Əliyevin, bu gün isə Prezident İlham Əliyevin bu sahədə ardıcıl və məqsədyönlü fəaliyyətlərinin nəticəsidir. Təsadüfi deyil ki, ölkəmizdə 1999-cu ildən Ulu Öndərin təşəbbüsü ilə tolerantlıq günü keçirilir.

"Dəyirmi masa"da Prezident İlham Əliyevin 2014-cü il 15 mart tarixli Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasının xüsusi əhəmiyyəti qeyd olunub. Hamı tərəfindən tanınan, müxtəlif mədəniyyətlərarası tolerant münasibətə əsaslanan dinc yanaşı yaşama prinsipi olan multikulturalizm əslində həm də demokratik dövlət strategiyasıdır. Hazırda təkcə Bakı şəhərində 20-dən çox müxtəlif icma fəaliyyət göstərir. Azərbaycanda dağ yəhudilərinin məskən saldığı Qırmızı Sloboda, Molokan kəndi İvanovka, Udin kəndi Nic, öz dili, özünəməxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi və başqa milli azlıqların yaşadığı onlarca belə məskənlər mövcuddur və onların hamısı Azərbaycan ictimaiyyətinin ayrılmaz hissəsidir.

Əlbəttə, bu gün Azərbaycanı gözü götürməyən, Azərbaycanda tolerantlığa qısqanc münasibət bəsləyənlər, o cümlədən Ermənistan xüsusi xidmət orqanları ölkəmizdə dini, etnik qarşıdurma yaratmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu cür qara qüvvələr heç cür razılaşa bilmirlər ki, Azərbaycan yeganə müsəlman ölkəsidir ki, burada müsəlmanlar, yəhudilər, xristianlar bir məclisdə, bayramlarda, ayrı-ayrı tədbirlərdə bir yerdə, yaxın dostlar kimi əyləşirlər.