Seymur Əliyev: “Qiymətlər əvvəlcədən proqnozlaşdırılıb” MÜNASİBƏT

13 Noyabr 2014 12:34 (UTC+04:00)

"Azərbaycan enerji ixrac edən neft-qaz ölkəsidir. Ona görə də dünya birjasında neftin qiymətinin ciddi şəkildə ucuzlaşması bizim üçün də çox aktualdır. Azərbaycan dünya neft bazarında əsas oyunçulardan biri kimi çıxış edir. Düşünürəm ki, Azərbaycan hökuməti də bu məsələdə ciddi düşünülmüş bir siyasət həyata keçirir". Bunu SİA-ya iqtisadçı ekspert Seymur Əliyev dünya bazarında neftin qiymətinin ucuzlaşması məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, qiymətlər öncədən proqnozlaşdırılsa da, ucuzlaşma zamanı gözlənilməyən hallar da nəzərə alınmalıdır: "Azərbaycanın ixracatına nəzər salsaq görərik ki, əsas resurs neftdir. Burada ixracın 90%-dən çoxu, eləcə də büdcə gəlirlərinin 60%-dən çoxu, məhz neft sektorunun hesabına formalaşır. Bu gün dünya bazarında neftin qiyməti ucuzlaşırsa, bu bizim dövlət büdcəmizin gəlirlərində də azalma ilə müşahidə olunur. Büdcədə neftin qiymətləri əvvəlcədən proqnozlaşdırılıb. 2013-cü ilin dövlət büdcə zərfində 2014, 2015, 2016-cı illər üçün neftin 1 barelinin qiyməti 80 dollar nəzərdə tutulub. Hazırda isə qiymət 90 dollardır. Belə bir vəziyyətdə Azərbaycan hökumətinin daha uzaqgörən bir siyasət həyata keçirdiyini hesab edirəm. Bu da gələcəkdə fors major halların aradan qaldırılması deməkdir. Azərbaycanın neft ixracatından qaz ixracatına keçməsi bizim enerji siyasətimizdə ciddi manevr sayılır. Dünya bazarında neftin qiymətinin azalması digər enerji resurslarından olan qazın və digər alternativ enerji resurslarının qiymətinin qalxması ilə müşahidə olunur".

İqtisadçı ucuzlaşmanın müşahidə olunduğu bir vəziyyətdə OPEK-in fəaliyyətinin əvvəlki illərdən fərqləndiyini qeyd edib: "Qiymətlərin tarixinə diqqət yetirsək görərik ki, adətən dünya bazarında neftin qiyməti aşağı düşdüyü hallarda neft bazarını tənzimləyən OPEK avtomatik olaraq hasilatı azaldır. Mövcud şəraitdə isə əksinə proses gedir. Ucuzlaşmaya baxmayaraq, OPEK son dövrlərdə hasilatı artırmağı nəzərdə tutur".