ATƏT hərbi vertolyotla bağlı hadisədən narahatdır

12 Noyabr 2014 19:17 (UTC+04:00)

ATƏT Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində hərbi vertolyotla bağlı hadisədən narahatdır və hesab edir ki, belə insidentlər böhranın miqyasını genişləndirə bilər. RİA Novosti-nin verdiyi məlumata görə, bunu ATƏT-in baş katibi Lamberto Zannier deyib.

L.Zannier Avropa Parlamentindəki dinləmələrdə bildirib ki, belə qəzalar onsuz da qeyri-sabit olan vəziyyət kontekstində böhranın daha da genişlənməsinə səbəb ola bilər.

Müdafiə Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə, Ermənistan SQ tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gündür ki, provokasiya xarakterli uçuşlar həyata keçirir.

Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.