"Yaxın günlərdə məntəqə seçki komissiyalarının üzvlərinə qruplar şəklində treninqlər keçirilməyə başlanacaq". SİA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. O bildirib ki, sözügedən treninqlər üçün 1 ay vaxt sərf ediləcək.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların nümayəndələrinin treninqlərdə iştirakı zəruridir: "Mən beynəlxalq təşkilatların nümayəndələrinin bu treninqlərdə iştirak etməsini istəyirəm. Digər tərəfdən, bülletenlərin çap olunması bələdiyyə seçkilərində daha çox vaxt aparır, 1607 növ bülleten çap olunur. Bülletenlərin çapı dekabrın 15-ə qədər başa çatmalıdır. Çünki səsverməyə bir həftə qalmış biz bütün tədbirləri dayandırırıq".
MSK sədri həmçinin bildirib ki, müşahidəçilər və polis üçün, o cümlədən seçki günü üçün yaddaş kitabçaları hazırlanır: "MSK polislər üçün də tədbir keçirəcək. Mən artıq bununla bağlı Daxili İşlər Nazirliyi ilə danışmışam".
Məzahir Pənahov qadınları bələdiyyə seçkilərində fəal iştirak etməyə, namizədliklərini irəli sürməyə də çağırıb.
Elvin Abdulqədirov