Noyabrın 11-də Çinin internet-meydanlarında dünyanın ən böyük endirimli satışına start verilib. Gecə yarısı başlayan aksiyanın ilk 40 dəqiqəsində dünyanın ən iri internet-riteylerlərindən olan Alibaba kompaniyasının dükanlarında 10 milyard yuanlıq (1,6 milyard dollar) satış qeydə alınıb.
Hər il noyabrın 11-də keçirilən aksiya çərçivəsində müxtəlif növ məhsullara yüksək endirimlər tətbiq olunur.
Bir neçə il bundan əvvəl Çinin blogerlər dairəsində noyabrın 11-ni tənha insanlar günü kimi qeyd etmək ideyası yaranıb. "11.11" (ilin 11-ci ayının 11-ci günü) rəqəmlərin magiyasına inanan şərqlilər üçün tənha kişi və qadının simvoluna çevrilib.
Müqəddəs Valentin gününün Çin analoqu sayılan yeni bayramın gənclər arasında populyarlığı hər il artır. Bundan istifadə edərək satışları da artırmağa çalışan iri riteyler agentlikləri sayəsində noyabrın 11-i həm də Dünya ticarət gününə çevrilib.
Ötən ilin bu günündə Alibaba kompaniyasının satış meydanlarındakı ticarət Amerikanın Qara cümə gününün (yeni il qabağı satış mövsümün başlanğıcı sayılan Şükranlıq bayramından sonrakı cümə) satış həcmini keçərək 24 saat ərzində 35 milyard yuana (5,7 milyard dollar) çatmışdı. Alibaba şirkəti dünya internet satışı bazarında imkanlarını xeyli genişləndirdiyindən bu rekordunu qırmaq niyyətindədir.
Kompaniyadan verilən məlumata görə, aksiyada 175 ölkədən yüz minlərlə alıcı və satıcı iştirak edir.