Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda "Bakı Elm Festivalı-2014" çərçivəsində "Fizika və lirika" mövzusunda elmi seminar keçirilib. Seminarda Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ölkəmizdə keçirilən "Bakı Elm Festivalı-2014"ün elmimiz üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Seminarın fizika və lirikanın qarşılıqlı əlaqəsinə həsr olunduğunu qeyd edən akademik ədəbiyyatın bir sıra elmlər ilə vəhdətindən danışıb. İ.Həbibbəyli müxtəlif elm sahələri arasında qarşılıqlı tədqiqatların aparılmasının önəmli olduğunu söyləyib.
Ədəbiyyat İnstitutunun əməkdaşları filologiya üzrə fəlsəfə doktorları Maral Yaqubova "Fizikada "Kvant nəzəriyyəsi" və bədii ədəbiyyat", Cavidə Məmmədova "İmadəddin Nəsiminin yaradıcılığında fizika və fəlsəfi fikrin vəhdəti", Rasim Nəbioğlu "Azərbaycan poeziyasında Bahar və Novruz" mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə klassiklərimizin yaradıcılığında riyaziyyat, astronomiya, təbabət, kimya, fizika və digər elmlərin mühüm qanunlarının yer alması, bədii-fəlsəfi fikrin texniki və təbiət elmlərinin əsas müddəalarına istinadən istifadə olunması barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, fizika ilə ədəbiyyat arasındakı ilk gözə çarpan yaxınlıq təbii ki, obyektlə bağlıdır. Həm ədəbiyyat, həm fizika gerçək dünyanı müşahidələrlə öyrənməklə, əks etdirməklə, təhlil etməklə məşğuldur. Seminarda , eyni zamanda, Fizika İnstitutunun əməkdaşlarının "Lirikada fizika və dünyəvilik", "Akademik Həsən Abdullayev və ədəbiyyat", "Kristallar, kvazikristallar və türk xalq sənəti" mövzularında məruzələri dinlənilib. Məruzəçilər ədəbiyyat ilə fizikanın qarşılıqlı əlaqəsini ətraflı təhlil ediblər. Bildirilib ki, fizika təbiət hadisələrini müşahidə, eksperiment və nəzəriyyə əsasında öyrənir. Ədəbiyyat isə həyatı bədii obrazlarla əks etdirən söz sənətidir.
Tədbirdə Naxçıvan Dövlət Universiteti (NDU) ilə video-bağlantı təşkil olunub. NDU-nun prorektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyevin mövzu ilə bağlı məruzəsi dinlənilib.