"Sevsən, hər ayrılıq son haqq-hesabdı" ŞEİR

11 Noyabr 2014 17:11 (UTC+04:00)

Ah da göndərmirəm haçandı dağa,

Yəqin xəbərin var, ay Əkbər qağa.

Çırpısı olduğum oda-ocağa,

- Çəkdiyim yollardır buxarı, vallah.

Qəriblik boyuma tutulan sapdı,

Ömrüm səadəti qürbətdə tapdı.

Sevsən, hər ayrılıq son haqq-hesabdı,

Bilinmir əvvəli-axırı, vallah.

Yandım, nişan oldu tüstüm də ona,

Məhəbbətim ona, qəsdim də ona.

Yer verdim gözümün üstündə ona,

Yenə də dartınır yuxarı, vallah.

Gözümü sıxdım kı, yaşı lillənər,

Ahdan köz götürən, yanıb-küllənər.

Kimə ad eləsəm, adı güllənər,

Sənə danışdığım nağılı, vallah.

Bir gözəl şam tutub şair gözündən,

Gah şairdən deyir, gah da özündən.

Əlirza Həsrətin çiçək sözündən,

- Hələ bal çəkəcək çox arı, vallah.

Əkbər Qoşalı