Cari ilin 11 noyabr tarixində Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyində Xəzər Strateji İnstitutunun (HASEN) fəaliyyətə başlamasının 2-ci il dönümü ilə bağlı konfrans keçirilib. Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyindən SİA-ya verilən məlumata görə, tədbir HASEN-in fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başlanıb, ardından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər naziri Tanər Yıldız və HASEN-in baş katibi Haldun Yavaşın çıxışları ilə davam edib.
Çıxışlar əsnasında HASEN-in Xəzər regionu üzrə verdiyi tədqiqat xarakterli töhfələr, həmin qurumun gənc bir təşkilat olmasına baxmayaraq qısa bir müddət ərzində enerji məsəslələrində oynadığı əhəmiyyətli rol, yaxın şərq və Ukraynada baş vermiş hadisələrin Xəzər regionunun əhəmiyyətinə təsiri və Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Trans Anadolu qaz boru kəməri (TANAP) layihələrinin həyata keçməsində Azərbaycan-Türkiyə əməkdaşlığının sıxlığına dair məqamlara toxunulub.
Daha sonra Türkiyənin neft-qaz korporasiyası (TPAO), SOCAR-Türkiyə, Türk dövlət boru kəməri şirkəti (BOTAŞ) və TANAP şirkətlərinin nümayəndələrinin HASEN-ə ilə əməkdaşlıq müqavilələrinin imza mərasimi keçirilib.
Tədbir zamanı Səfir Faiq Bağırov tərəfindən Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər naziri Tanər Yıldıza Azərbaycan Dövləti Xatirə mədalı təqdim olunub.
Tədbir mətbuat konfransı formatında davam edərək başa çatıb.