Əlahiddə Ümumqoşun Ordusunda Dövlət Bayrağı Günü qeyd olunub

8 Noyabr 2014 15:22 (UTC+04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən 9 noyabr - Azərbaycan Respublikasınin Dövlət Bayrağı Günü münasibətilə Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə silsilə tədbirlər davam edir. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Təlim-Tədris Mərkəzində Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Dövlət Himni səsləndirildikdən sonra Əlahiddə Ümumqoşun Ordusunun zabiti Mirqiyas Rüstəmov bildirib ki, 1918-1920-ci illərdə mövcud omuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi kimi qəbul edilən bayraq ilk dəfə 1990-cı il noyabr ayında Naxçıvanda ulu öndər Heydər Əliyev tərəfindən qaldırıldı.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli və Naxçıvan Müəllimlər İnstitutunun dosenti, şair, yazıçı-dramaturq Həsənəli Eyvazlı öz çıxışlarında qeyd ediblər ki, qədim zamanlardan günümüzədək müqəddəs ana torpağımız uğrunda vətənimizin mərd, igid, cəngavər övladları yaddelli düşmənlərə qarşı barışmaz mübarizə aparıblar. Bu igidlər döyüşlərə atılan zaman onların başları üzərində hər zaman Vətən bayrağı olub. Məhz bunun nəticəsidir ki, min illərdir bayraq xalqımız üçün milli şərəf və qürur rəmzinə çevrilib.

Sonra hərbi hissəsinin zabiti Vasif Aslanov çıxış edərək vurğulayıb ki, bayraq Vətənə sədaqətin simvoludur. Silahlı Qüvvələrə həqiqi hərbi xidmətə çağrılan hər bir vətəndaş hərbi and içərkən başının üzərində üç rəngli, ay-ulduzlu bayraq olur.

Sonda hərbi-vətənpərvərlik mövzusunda filmə baxış keçirilib.