"Anamın sözləri" ŞEİR

8 Noyabr 2014 12:15 (UTC+04:00)

Anamin gözləri səfadı, nurdu,

Qəlbimdə,yolumda işıq yandırır.

Anamın sözləri vüqar, qürurdur,

Zehnimi, ruhumu işıqlandırır.

Bəzən hirslənəndə, çətin anımda

Əzizləyib məni köksünə sıxır.

Anam saçlarımı tumarlayanda

Bütün ağrılarım yadımdan çıxır.

Sözləri, sığalı, səfalı anam

Əzizdir hamıdan, dünyada təkdir.

Ana Vətən kimi vəfalı anam

Mənə həyat verən canlı mələkdir.

Anam qurban deyib vətənə məni,

Deyib ki, ən əziz balamsan mənim.

Oğullar qoruyar ana vətəni,

Vətəni qoruyan qalamsan mənim".

Oxuyub mühəndis,həkim olsam da,

Mənə igid oğlum deyəcək anam.

Oxuyub müəllim, hər kim olsam da,

Ay ana, mən sənin əsgər oğlunam.

Fikrət Qoca