"Bu gün müxalifyönlü partiyalar bələdiyyə seçkiləri ilə bağlı düzgün informasiyalar vermirlərsə, təbii ki, bu onların öz səhvləridir. Lakin onları bu məsələdə ciddi şəkildə günahlandıra da bilmərik. Çünki demokratik ölkədə hər kəsin azad şəkildə fikir bildirmək hüququ var". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.
Onun sözlərinə görə, onlar müəyyən qaydada xarici təşkilatların, eləcə də burada ölkəmizin əleyhinə çıxan şəxslərin dedikləri yalan informasiyalara əsaslanıb danışırlar: "Ona görə də bu cür fikirlərin olması düzgün deyil. Ən azından belə etməklə əhalinin seçkiyə olan rəğbətini azaltmış olurlar. Lakin hər kəsə məlumdur ki, Yeni Azərbaycan Partiyası seçkilərə hazırlıq işlərini uzun zamandan bəri həyata keçirib. Seçkilərə tək seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı hazırlaşmaq lazım deyil".
T. Rzayev onu da qeyd edib ki, bəzi müxalifət partiyaları istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərinə hazırlıq müddətində yatıb, seçkilərə bir neçə ay və ya gün qalmış hazırlaşırlar: "Ümumilikdə götürdükdə isə onların heç seçkilərdən xəbəri belə olmur. Eyni zamanda namizəd kimi irəli sürdükləri şəxslərin fəaliyyəti ilə tanış olmurlar. Seçkiqabağı isə mənfi fikirlər səsləndirməyə başlayırlar. Guya ölkədə seçkilər qeyri-qanuni, yaxud da ədalətli şəkildə keçirilməyəcək. Elə siyasi partiyalar var ki, onların seçkilərə namizəd kimi irəli sürəcək üzvləri də yoxdur".