"Hərdən – hərdən" ŞEİR

6 Noyabr 2014 16:04 (UTC+04:00)

Nəyim varsa – mən payladım dostlara,

O dosta ki, onun yoxdu, mənim çox.

Hərdən – hərdən mən də umdum dostlardan,

O dostdanki onun çoxdu, mənim yox.

Dara düşdüm darda görsəm dostumu,

İçimdəcə həzin – həzin ağladım.

Öz yaramın sarığını açıb mən,

Dostlarımın yarasını bağladım.

Qaça – qaça , uça – uça yaşadım.

Kim bilir , mən niye belə incəldim,

Kimse dostun sərvətini bölüşdü,

Mən dərdini bölüşəndə dincəldim.

İçim – çölüm çox oxunan kitabdır,

Düşünməyin: "yerin – göyün sirri o".

Tanış olun dost sandığım dostlarla:

Biri odu, biri odu, Biri – o…

Rafiq Hümmət