"Azərsu" ASC-nin işçiləri Fransa, Əlcəzair və İspaniyada olublar FOTOLAR

6 Noyabr 2014 15:53 (UTC+04:00)

İçməli su təchizatı və kanalizasiya sektorunda yeni texnologiyaların mənimsənilməsi və tətbiqi məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyətində qabaqcıl təcrübələrin öyrənilməsinə xüsusi diqqət yetirilir. SİA-nın xəbərinə görə, "Azərsu" ASC ilə Fransanın Suez Environnement şirkəti arasında bağlanmış "Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə" çərçivəsində Səhmdar Cəmiyyətin mütəxəsislərdən ibarət nümayəndə heyəti Fransa, Əlcəzair və İspaniyada səfərdə olublar.

Səfər müddətində mütəxəssislər Suez Environnement şirkətinin Paris, Orlean, Əlcəzair və Barselona şəhərlərində fəaliyyəti və həyata keçirdiyi layihələrlə tanış olub, təcrübə mübadiləsi aparıblar.

Fransanın Orlean şəhərində Suez Environnement şirkətinin istismar etdiyi tullantı sularının təmizləmə məntəqəsinə səfər təşkil olunub. Səfər zamanı mütəxəssislərə tullantı və yağış sularının idarəolunması sistemlərinin iş prinsipləri barədə ətraflı məlumatlar verilib.

Nümayəndə heyətinin Suez Environnement şirkətinin Parisdə yerləşən tədqiqat mərkəzində keçirdiyi görüşdə şirkətin icra etdiyi layihələrin ətraf mühitə təsiri məsələləri müzakirə edilmişdir. Həmçinin Suez Environnement şirkətinin muzeyinə də baxış keçirilib.

Əlcəzairə səfər çərçivəsində nümayəndə heyəti Əlcəzair şəhərində Sutəmizləyici məntəqədə olub, burada yerləşən laboratoriyaya baxış keçirib. Qonaqlara Suez şirkətinin Əlcəzairdə tətbiq etdiyi Wikti qiymətləndirmə sisteminin nəticələri barədə məlumat verilib. Azərbaycanlı mütəxəssislər burada yaradılan mərkəzləşdirilmiş logistika sistemi ilə tanış olmuş və mərkəzi anbara baxış keçiriblər. Səfər çərçivəsində Suez Environnement şirkətinin Əlcəzairdə gördüyü işlər haqqında nümayəndə heyətinə geniş məlumat verilib.

Nümayəndə heyətinin sonuncu səfəri İspaniya Krallığına olub. Barselona şəhərində "Aqualogiya" Təlim və Tədqiqat mərkəzini ziyarət edən nümayəndə heyətinə burada keçirilən təlimlər və aparılan tədqiqat işləri barədə ətraflı məlumat verilib. Mərkəzin kadr hazırlığı siyasəti ilə tanış olun mütəxəssislər daha sonra Barselona şəhərinin sutəmizləyici məntəqəsi və laboratoriyasına da baxış keçiriblər.

Qeyd edək ki, "Azərsu" ASC ilə Fransanın Suez Environnement şirkəti arasında 12 may 2014-cü il tarixdə Bakıda imzalanmış "Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə" kadr hazırlığı və təcrübə mübadiləsi sahəsində əməkdaşlığı nəzərdə tutur. Sazişə əsasən qarşıdakı 5 ildə 38 peşə və ixtisas üzrə 4500 işçi təlimlərə cəlb olunacaq. Eyni zamanda perspektivdə təlimlərin keyfiyyətlə təşkil edilməsi məqsədilə 250 təlimçi hazırlanacaq.