Səttar Bəhlulzadənin fərdi sərgisi açılıb

5 Noyabr 2014 17:30 (UTC+04:00)

Bu gün S.Bəhlulzadənin ev-muzeyində görkəmli sənətkar, Xalq Rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 105, ölümünün isə 40 illiyinə həsr olunmuş rəssamın qrafik əsərlərindən ibarət fərdi sərgisi açılıb. SİA-nın verdiyi məlumata görə, sərgidə S.Bəhlulzadənin şəxsi kolleksiyalarda qorunan və əksəriyyəti bu vaxta kimi nümayiş olunmamış 30 əsəri təqdim edilib.

Sərgidə nümayiş olunan əsərlər "Səttar Bəhlulzadə-105. Qrafika" adlı kataloqda əks olunub.

Bildirilib ki, S.Bəhlulzadə qrafik əsərlərini bu janrın müxtəlif təsvir vasitələri ilə işləyib. 1966-cı ilin oktyabrında Praqada Səttar Bəhlulzadənin qrafik əsərlərindən ibarət fərdi sərgisi açılıb. Bu, Azərbaycan rəssamının Avropada ilk fərdi sərgisi idi.

Diqqətə çatdırılıb ki, boyakarlıq əsərlərində olduğu kimi rəssam çoxsaylı qrafikalarında da əsas etibarilə Azərbaycan torpağını, yurdumuzun təbiətini, bu təbiətin yetirdiyi nemətləri dönə-dönə tərənnüm edib. "Tut ağacları", "Bilgəh kəndi", "Gözəllər", "Dağlar və göl", "Sənaye mənzərəsi", "Keramika və meyvələr", "Dağlar və buludlar" və digər əsərlərində rəssam doğma vətənimizin səfalı guşələrini qrafika sənətinin təsvir vasitələrindən məharətlə istifadə edərək böyük məhəbbətlə təsvir edib. Bu əsərlərə baxdıqca müəllifin orijinal dəst-xətti, bənzərsiz duyma qabiliyyəti bir daha üzə çıxır.

Qeyd edək ki, rəssamın böyük emosionallıq və geniş improvizasiya ilə yaratdığı, bəşəri incəsənət əsərləri sırasında öz layiqli yerini tutmuş qrafik rəsmləri iştirakçıların böyük marağına səbəb olub.