"Nə bilir axı?!" ŞEİR

5 Noyabr 2014 15:30 (UTC+04:00)

Havadan danışır bir gözəl xanım.

"Yağış yağacaqdır, qar yağacaqdır.

Gah günəş çıxacaq, gah ay doğacaq,

Havalar tutulub-açılacaqdır".

Mənim günəşim də, ayım da sənsən,

Onu sinoptiklər nə bilir axı.

Sən bir az qıyqacı baxanda mənə,

Mənim gözlərimdə ildırım çaxır.

Bir güllü-çiçəkli bahar günündə,

Soyuq baxışınla qış gəlir sənin.

Mənim taleyimə yağışlar, yağır

Elə ki gözünə yaş gəlir sənin.

Söz var dolu kimi yağır başıma,

Söz var-duman olub yolumu kəsir.

Məndən inciyəndə, məndən küsəndə,

Qəlbimə sopsoyuq küləklər əsir.

Səni gözləyirəm, hələ bilmirəm

Yağış yağacaqmı, qar yağacaqmı,

Mənim bu eşqimin səmalarında,

Havalar tutulub-açılacaqmı?

Havadan danışır bir gözəl xanım.

Hardasa qar tökür, ya yağış yağır,

Hardasa ay batır, ya yağış yağır,

Mənim günəşim də, ayım da sənsən,

Onu sinoptiklər nə bilir axı?!

Baba Vəziroğlu