Sahibkarlara şad xəbər!

4 Noyabr 2014 10:38 (UTC+04:00)

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Neftçala rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır. Fonddan SİA-ya verilən məlumata görə, SKMF oktyabrın 30-da Neftçala rayonunun Xıllı qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Neftçala rayonu üzrə sahibkarlıq subyektlərindən 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, çörək, plastik qapı-pəncərə və üzlük daş istehsalı müəssisələrinin və fermer mağazalarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.