Bəxtiyar Sadıqov: “Azərbaycan müxalifəti “Avropa” ilə işləməyə həvəslidir” AÇIQLAMA

3 Noyabr 2014 17:42 (UTC+04:00)

"Azərbaycan müxalifətinə ölkə daxilində hər cür şərait yaradılmasına baxmayaraq, (istər partiyalar təşkil edilsin, istərsə də qəzetlər yaradılsın və s.) naşükürlük edirlər". Bunu SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov müxalifət partiyalarının Azərbaycanın Polşadakı səfirliyindəki görüşünə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, ölkə müxalifəti "Avropa" ilə işləməyə həvəslidir: "Müxalifət nədənsə Azərbaycan dövlətinin, xalqın milli maraqları ilə hesablaşmadan daima xaricdən qrant almaq və şəxsi marağını təmin etmək üçün Avropadakı istənilən anti-azərbaycançı şəbəkəyə daxil olan qurumlarla həvəslə işləyirlər. Azərbaycan müxalifəti bu gün də ölkə daxilində yaradılmış bütün şəraitlərə baxmayaraq, hansısa dövlətə gedərək ölkəmizin "problem"ini onlarla müzakirə edir. İlk növbədə, bu gün ölkəmizdə heç bir problem yoxdur. Sadəcə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yeganə problemdir ki, biz hələ də bunu həll edə bilməmişik. Bütün bunlara rəğmən isə Azərbaycan Prezidenti İlham Əliyev münaqişə ilə bağlı Azərbaycanın prinsipial mövqeyini ortaya qoyub. Onlar sadəcə olaraq Azərbaycanın Polşadakı səfirliyində və digər xarici korpusun nümayəndəliklərində görüşlər keçirməklə çalışırlar ki, guya Azərbaycanda müxalifət var. Hesab edirəm ki, burada onların əsas məsələsi qrant davasına yönəlib. Müxalifət istəyir ki, bu kimi görüşlərlə öz görüntülərini sərgiləsin. Bu şəxslər sadəcə olaraq şəxsi maraqlarını güdürlər. Mən onların başqa heç bir fəaliyyətini görmürəm".