"Ümumilikdə götürsək QHT-lərin arzu və istəklərini bilmək çətin məsələdir. Adından da göründüyü kimi, milli donorların maliyyələşdirdiyi layihələr ilk növbədə ölkənin milli maraqlarının müdafiəsinə yönəlir. Lakin xarici donorların layihəsi heç də həmişə xoş niyyətə deyil, məhz özlərinin siyasi maraqlarına yönəlir". Bunu SİA-ya açıqlamasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov müxalifyönlü QHT-lərin xarici donorlardan qrant almağa maraqlı olmaqlarının səbəblərindən danışarkən deyib.
Onun sözlərinə görə, donorlar hansı ölkəyə qrant verirsə, mütləq onların orada marağı var: "Xarici donorların ictimai, siyasi və iqtisadi maraqdan kənar layihələrə maliyyə ayırmaq təcrübəsi isə az təsadüf olunan haldır. Bunu həm də QHT-lərə aid etmək olar. Əgər hansısa QHT milli donora deyil, məhz xarici donora üstünlük verirsə, bunun əsas səbəbi onun daxili mövqeyindən və öz dövlətçiliyinə, xalqına olan münasibətindən irəli gələn məsələdir. Kim ki xarici donorların humanist layihələrə qrant ayırdığını və onların heç bir alt marağı olmadığını deyir, deməli bu, ədalətsiz və doğru olmayan fikirdir".
F. Qurbanov deyib ki, bəzi QHT-lər bilərəkdən xarici donorlardan maliyyə vəsaiti alaraq özləri haqqında müəyyən imic yaratmağa xidmət edirlər: "Bir çox QHT-lərimiz var ki, onlar xarici donorlara səviyyəli layihələr təqdim edə bilərlər. Lakin bilirlər ki, həmin donorlar heç vaxt onların layihələrinə qrant verməyəcəklər. Misal olaraq, Milli QHT Forumunun xarici donorlara verdiyi layihələrin bir çoxu maliyyələşmir. Vaxtı ilə orada çalışanda səviyyəli və peşəkarcasına hazırlanan layihələri xaricə donorlara təqdim edirdik. Lakin heç bir layihələrimizi dəstəkləmirdilər. Halbuki bizim daha yaxşı yerinə yetirəcəyimiz işi tamamilə başqa təşkilata verirdilər. Buna görə də onlara qoyulan kapital da it-bata düşürdü. Bir sözlə, bəzi QHT-lər özlərinə imic yaratmaq baxımından xarici donorlardan maliyyə almağa maraq göstərirlər. Digər tərəfdən isə həmin donorun müəyyən tapşırıqlarını canfəşanlıqla yerinə yetirdikləri üçün qrantlar, məhz həmin QHT-lərə verilir".