Millimiz Vətənə 11 medalla qayıdıb

1 Noyabr 2014 19:15 (UTC+04:00)

Universal döyüş üzrə Azərbaycan millisi İstanbulda başa çatan IV dünya festivalında 5 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıb. Komandamız ümumi hesabda birinci pillədə qərarlaşıb. SİA-nın azərtac-a istinadən verdiyi xəbərə görə, qarışıq döyüş növləri üzrə keçirilən festivalda Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərliyi altında 11 idmançımız debüt edib. Komandanın heyətində böyüklərdən ibarət yığmamızın baş məşqçisi Elşən İsmayılov və iki hakim də yer alıb.
İdmançılarımızdan Orxan Qurbanov (70 kq) və Nicat Əliyev (75 kq) klassik versiyada bütün rəqiblərini üstələyərək çempion adını qazanıblar. Ülvi Teyyubzadə (60 kq), Muradxan Fərzəliyev (90 kq) və Tahir Məsimov (95 kq) layt versiyası üzrə yarışlarda qızıl medala sahib olublar.
Gümüş medallar klassik versiya üzrə yarışlarda əldə olunub. Murad Quliyev (60 kq), Orxan Binnətov (85 kq) və Qəzənfər Namazov (95 kq) festivalın ikincisi olublar. Klassik versiya üzrə bürünc medallara Elmar Piriyev (85 kq) və Sahib Əliyev (90 kq) sahib çıxıblar. Komandamızın üzvü Əli Həsənli isə layt versiyasında bürünc medal qazanıb.